Bakı Beynəlxalq İncəsənət Festivalı (Baku International Arts Festival - BIAF) oktyabrın 28-dən noyabrın 8-dək yenidən Bakıda keçiriləcək. Bu il festivalın proqramına teatr, musiqi, rəqs və müasir incəsənət sahələrini əhatə edən 20-dən çox tədbir daxildir. İştirakçılar arasında tanınmış rejissorlar və xoreoqraflar, aparıcı teatr kollektivləri, eləcə də müxtəlif ölkələrdən məşhur sənətçilər var. Festival Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
BIAF-ın Bakının mədəni həyatındakı əhəmiyyəti, ən çox gözlənilən teatr tamaşaları və beynəlxalq əməkdaşlığın perspektivləri barədə dramaturq İsmayıl İman Trend-ə danışıb.
BIAF-ın Bakı üçün əhəmiyyətindən danışan İman bildirib ki, festival yerli tamaşaçılara adətən Avropanın ən böyük teatr səhnələrində və festivallarında nümayiş etdirilən tamaşaları Bakıda izləmək imkanı yaradır.
"Bu, adətən Avinyona, Venesiyaya, Eks-an-Provansa və Avropanın böyük teatrlarına gedən tamaşaları öz səhnələrimizdə izləmək üçün nadir fürsətdir. Həm də videoyazıda deyil, canlı şəkildə", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, festivalın məqsədi yalnız tamaşaçılara beynəlxalq miqyasda tanınmış sənətçiləri təqdim etməkdən ibarət deyil. Əsas məsələ zamanla dolğun bədii dialoqun formalaşdırılmasıdır.
"Bakı üçün əsas məsələ məşhur adları toplamaq deyil, dialoq qurmaqdır. Tamaşaçı rejissorun fərqli dilinə, aktyor ifasının başqa intensivliyinə alışır", - deyə İman bildirib.
O xatırladıb ki, 2025-ci ildə keçirilən ilk BIAF-ın teatr proqramında Robert Lepajın işi, "Gesher" teatrının Rimas Tuminasın quruluşunda "Anna Karenina" tamaşası, Daniele Finzi Paskanın səhnə əsəri və Şeron Eyalın xoreoqrafiyası kimi fərqli bədii üslublar təqdim olunub.
İmanın fikrincə, ilk festivalın əsas nəticəsi Bakı tamaşaçısının mürəkkəb və qeyri-adi teatr formalarına münasibəti olub.
"2025-ci ilin əsas nəticəsi budur: Bakı tamaşaçısı mürəkkəb teatra, qeyri-adi formatlara və dünya ulduzlarına hazırdır. Şəhərimizin tamaşaçıları dünyada incəsənətin inkişafını izləyən qlobal auditoriyanın bir hissəsidir", - deyə o vurğulayıb.
İman qeyd edib ki, ikinci festivalı artıq eksperiment kimi qiymətləndirmək olmaz.
"İkinci il artıq eksperiment deyil. İndi payızda şəhərimiz böyük beynəlxalq mədəniyyət mövsümü ilə yaşayır", - deyə o bildirib.
BIAF-ın teatr proqramı
İmanın sözlərinə görə, festivalın teatr proqramı Lev Dodinin Avropa Teatrı - Malıy Dram Teatrının "Qağayı" tamaşası ilə açılacaq. Tamaşa oktyabrın 29-da və 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş etdiriləcək.
İman teatr proqramının məhz "Qağayı" tamaşası ilə açılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
"Dodin uzun illərdir Çexovla yaşayır. Bu, sadəcə, 'daha bir klassik əsər' deyil, incəsənət adamları haqqında, həyatı başqalarından daha kəskin hiss edən insanların məsuliyyəti barədə söhbətdir", - deyə o qeyd edib.
O, tamaşanın aktyor heyətinə də diqqət çəkib. Tamaşada Boyarskaya, Çerneviç, Kurışev, Zavtur və Zayfrid rol alırlar. İmanın sözlərinə görə, Aleksandr Borovskinin səhnə tərtibatı da tamaşanın mühüm elementlərindən biridir.
"Göl, qayıqlar - bütün bunlar Çexovun kövrək dünyasını birbaşa səhnə məkanında hiss etməyə imkan verir. Bakı tamaşaçısı üçün bu, yüksək emosional gərginliklə seçilən Avropa aktyorluq məktəbi ilə görüşdür", - deyə o bildirib.
Noyabrın 1-də və 2-də həmin səhnədə Dmitri Krımovun "Gesher" teatrı ilə birgə hazırladığı "Bloody Mary" tamaşası nümayiş olunacaq. İman qeyd edib ki, rejissor Şillerin "Mariya Stüart" əsərini olduğu kimi səhnələşdirməyə çalışmır.
"Krımov Şillerin 'Mariya Stüart' əsərini səhnələşdirmir. O, süjetin kollektiv yaddaşından çıxış edərək yeni bir dünya qurur: qrotesk, sirk, maska və birdən-birə etirafa çevrilən bir oyun", - deyə o bildirib.
Onun sözlərinə görə, tamaşa klassik materialın yeni şəkildə yozulmasının mümkünlüyünü nümayiş etdirir.
"Bu, gülməli və faciəvi olanın bir-birindən ayrılmadığı oyun teatrıdır. Bizim səhnəmiz üçün klassik süjetin sadəcə illüstrasiya deyil, düşünmək üçün bir fürsətə necə çevrilə biləcəyini görmək faydalıdır", - deyə İman vurğulayıb.
Teatr proqramının digər mühüm hadisələrindən biri Rezo Qabriadzenin Marionet Teatrının "Alfred və Violetta" tamaşası olacaq. Tamaşa noyabrın 3-də və 4-də Heydər Əliyev Mərkəzində nümayiş etdiriləcək.
İman tamaşanın özünəməxsus bədii dilinə diqqət çəkib. "Kameliya qadını" romanı və "Traviata" operası ilə tanıdığımız hekayə burada 1990-cı illərin Tbilisi şəhərinə köçürülüb. Mətn Rezo Qabriadze tərəfindən vəfatından qısa müddət əvvəl yazılıb, tamaşanı isə onun oğlu Leo Qabriadze tamamlayıb.
"Bu, kuklanın yaşadığı və hiss etdiyi teatrdır", - deyə İman bildirib və əlavə edib ki, tamaşa Bakı tamaşaçıları üçün nadir poetik teatr dili ilə tanışlıq olacaq.
Kastelluçi və ənənəvi səhnədən kənar teatr
İman noyabrın 6-da və 7-də Daş Salnamə Muzeyində təqdim olunacaq italyan rejissor Romeo Kastelluççinin "To Carthage Then I Came" əsəri üzərində də ayrıca dayanıb.
O vurğulayıb ki, bu işi ənənəvi mənada dramatik tamaşa kimi qəbul etmək düzgün olmaz.
"Əsərin müəllifləri özləri də bildirirlər ki, bu, ənənəvi mənada tamaşa deyil, dram, konsert və vizual incəsənətin sərhədində yerləşən səs ritualıdır", - deyə İman söyləyib.
Onun sözlərinə görə, Kastelluçi Bakıdakı nümayiş üçün işi konkret məkanın - Siemens qardaşlarının keçmiş elektrik stansiyasının xüsusiyyətlərini nəzərə alaraq yenidən qurur.
"Tamaşaçı buraya 'qəhrəmanları olan pyes' gözləntisi ilə gəlməməlidir. Burada məkan, Skott Gibbonsun səsi və uzun müddət davam edən 'səsdən sonrakı əks-səda' mühüm rol oynayır", - deyə o vurğulayıb.
Festival dialoq məkanı kimi
BIAF-ın mühüm hissələrindən biri də Lev Dodin, Akram Xan, Manal Əl-Dovayan və Piter Frankopan kimi sənət xadimlərinin iştirakı ilə keçiriləcək paralel proqram - görüşlər və müzakirələr olacaq.
İmanın fikrincə, bu cür görüşlər tamaşaçılara yalnız hazır sənət nümunəsini deyil, bədii ideyanın yaranma prosesini də görmək imkanı verir.
"Tamaşa nəticədir. Söhbət isə mətbəxdir: ideya necə yaranır, Xanın işlərində rituallar haradan qaynaqlanır, Dodin bu gün Çexovu necə oxuyur və onu müasir kontekstə necə yerləşdirir", - deyə o izah edib.
O, həmçinin tanınmış rəqqasə və xoreoqraf Şeron Eyalın festival çərçivəsində indiyədək dünya ictimaiyyətinə təqdim edilməmiş bir iş nümayiş etdirəcəyini bildirib.
"Bu, sözün əsl mənasında, hər bir qonağın iştirak edə biləcəyi laboratoriyadır. Gənc rejissorlar və dramaturqlar üçün bu, bir növ ustad dərsidir: dünya səhnəsinin gündəmini müəyyənləşdirən insanların necə düşündüyünü eşitmək imkanıdır", - deyə İman qeyd edib.
Beynəlxalq əməkdaşlıq və yeni layihələr
BIAF-ın Azərbaycanın mədəniyyət müəssisələri ilə əməkdaşlığından danışan İman bu prosesin xüsusilə rəqs və musiqi sahələrində fəal inkişaf etdiyini vurğulayıb.
Onun sözlərinə görə, noyabrın 5-də və 6-da Şahar Binyamini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Bakı Xoreoqrafiya Akademiyasının artistləri ilə iş aparacaq.
İmanın qeyd etdiyi kimi, festivalın musiqi proqramı da geniş beynəlxalq və yerli dialoq prinsipi əsasında qurulub. Proqramda Dmitri Şostakoviç, Elmira Nəzirova, Fərhad Bədəlbəyli, eləcə də Dmitri Sitkovetski və onun Bakı ilə bağlı musiqi sülaləsinin nümayəndələri yer alır.
İmanın fikrincə, teatr istiqamətində növbəti mərhələ birgə laboratoriyaların təşkili və yeni mətnlərin yaradılması ola bilər.
"Teatr üçün növbəti məntiqli addım yalnız hazır tamaşaları gətirmək deyil, həm də birgə laboratoriyalar təşkil etmək və yeni mətnlər yaratmaqdır. Festival artıq bunun üçün münbit mühit formalaşdırır", - deyə o vurğulayıb.
Festivalın tam proqramı və biletlərlə bağlı məlumatı BIAF-ın rəsmi saytından əldə etmək mümkündür.