Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir.
Bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
"Regionda tətbiq edilən qabaqcıl şəhərsalma və mühəndislik həlləri Azərbaycanın digər bölgələri ilə yanaşı, beynəlxalq miqyasda da istifadə oluna biləcək təcrübə yaradır.
Bu baxımdan, 2026-cı ildə Bakıda BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə Dünya Şəhərsalma Forumunun (WUF13) uğurla keçirilməsi ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə təqdim olunmasına və qlobal dialoqda mövqeyinin möhkəmlənməsinə xidmət edib.
"Xəzər İnşaat Həftəsi" çərçivəsində keçirilən "Rebuild Garabagh" və "BakuBuild" sərgiləri həmin təcrübənin paylaşılmasına, yeni texnologiyaların təqdimatına və işgüzar tərəfdaşlıqlar qurulmasına geniş imkanlar yaradır. Əminəm ki, bu tərəfdaşlıqlar konkret layihələrdə də öz əksini tapacaq, Böyük Qayıdışa və regionun uzunmüddətli inkişafına mühüm töhfə verəcək", - deyə müraciətdə qeyd olunub.
Qeyd edək ki, Azərbaycanda tikinti, Qarabağın bərpası, mühəndis-kommunikasiya sistemləri, plastik və polimer sənayesi, eləcə də yol infrastrukturu və ictimai nəqliyyat sahələrini əhatə edən Xəzər İnşaat Həftəsi işə başlayıb.
Oktyabrın 14-dən 16-dək Bakı Ekspo Mərkəzində keçirilən tədbir çərçivəsində dörd beynəlxalq sərgi və paralel olaraq yol infrastrukturu və ictimai nəqliyyat üzrə daha bir beynəlxalq sərgi təşkil olunur.
Xəzər İnşaat Həftəsi müxtəlif sənaye sahələrini təmsil edən şirkətlərin məhsul və həllərini nümayiş etdirməsi, sektor iştirakçılarının bir araya gəlməsi və peşəkar əlaqələrin qurulması üçün platforma rolunu oynayır. Tədbir tikinti materiallarından istilik və havalandırma avadanlıqlarına, Qarabağın bərpası üçün nəzərdə tutulan həllərdən plastik və polimer sənayesinə, yol infrastrukturundan ictimai nəqliyyata qədər bir neçə istiqaməti əhatə edir.
Həftə çərçivəsində keçirilən sərgilər həm yerli, həm də xarici şirkətlərə öz məhsul və texnologiyalarını təqdim etmək, bazardakı yenilikləri izləmək və potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə etmək üçün şərait yaradır.
Xəzər İnşaat Həftəsi çərçivəsində sərgi nümayişləri ilə yanaşı, müxtəlif mövzularda panel müzakirələri, innovasiya sessiyaları və biznes təqdimatları da təşkil olunur.
Tədbirin proqramında sərgi iştirakçıları və dəvət olunmuş şirkətlər üçün ikitərəfli B2B və B2G işgüzar görüşləri də nəzərdə tutulub. Bu görüşlər şirkətlərin bir-biri, eləcə də müvafiq qurumlarla əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün təşkil olunur.
Beləliklə, üç gün davam edəcək Xəzər İnşaat Həftəsi tikinti, mühəndislik, sənaye, Qarabağın bərpası, memarlıq və nəqliyyat sahələrini bir araya gətirir. Sərgilər və işgüzar tədbirlər şirkətlərə məhsul və texnologiyalarını təqdim etmək, sahələr üzrə yenilikləri izləmək və yeni əməkdaşlıq əlaqələri qurmaq imkanı verir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)