"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)

14 Oktyabr 2026 00:45

ABŞ-də məşhur reper Tupak Şakurun 1996-cı ildə qətlini təşkil etməkdə təqsirli bilinən 63 yaşlı Dueyn Devis ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 13-də hakim Karli Kirni tərəfindən çıxarılan hökmə əsasən, Devis ən tezi 40 il həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılmaq üçün müraciət edə biləcək.

Lakin bu, onun azadlığa çıxacağına zəmanət vermir. Məhkum ömrünün qalan hissəsini həbsxanada keçirə bilər. Onun indiyədək həbsdə keçirdiyi 731 gün cəza müddətinə daxil ediləcək.

Qeyd edək ki, avqustun 31-də andlılar məhkəməsi Devisi birinci dərəcəli qətldə təqsirli bilib. Hökmün müzakirəsi üç saatdan az davam edib.

İttiham tərəfinin versiyasına görə, "Southside Compton Crips" cinayətkar qruplaşmasında yüksək mövqe tutan Devis hücumu reperin ətrafındakı şəxslərlə qardaşı oğlu Orlando Anderson arasında Las-Veqasdakı MGM Grand hotelində baş vermiş davaya görə qisas məqsədilə təşkil edib.

Prokurorluq Devisin şəxsən atəş açdığını iddia etməyib.

Tupak Şakur musiqi prodüseri Merion Naytla birlikdə avtomobildə olarkən güllələnib və altı gün sonra, 25 yaşında vəfat edib.

Təxminən 30 il açılmamış qalan cinayətin istintaqında Devisin öz etirafları mühüm rol oynayıb. O, müxtəlif müsahibələrdə, sənədli filmlərdə və podkastlarda hadisədə iştirakından danışıb, 2019-cu ildə isə öz versiyasını əks etdirən xatirə kitabı nəşr etdirib.

Devis Tupak Şakurun qətlində rəsmi ittiham irəli sürülən yeganə şəxs olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)