Suda tez həll olunduğu düşünülən tualet kağızlarının borularda yaratdığı gizli təhlükə ortaya çıxıb. Mütəxəssis santexniklərin (çilingər) verdiyi məlumata görə, standart tualet kağızları tualetə atıla bilsə də, bu vəziyyət binanın santexnika quruluşundan və kağızın növündən birbaşa asılıdır.
Milli.Az xəbər verir ki, kanalizasiya sistemi yaxşı olan binalarda tualet kağızı problem yaratmır. Lakin tək dəfəyə həddindən artıq çox kağız atılması onun suda tam əriməsinə imkan vermədiyi üçün boruların döngələrində tıxanmalara gətirib çıxarır.
Tıxanma riskini artıran başlıca amillər:
Tək dəfəyə həddindən artıq kağızın atılması,
Su çəninin (bakın) su təzyiqinin aşağı olması,
Köhnə binaların borularında zədə, aşınma və ya ərp yığılması,
Suda çətin əriyən çoxqatlı və qalın kağızlara üstünlük verilməsi.
Evdə edilə biləcək sadə kağız testi
İstifadə etdiyiniz tualet kağızının borulara uyğunluğunu yoxlamaq üçün: Bir banka suya kağız tikələri qoyub çalxalayın. Əgər kağız tez bir zamanda kiçik hissələrə ayrılırsa, tualetə atmağa uyğundur. Parçalanmayan və ya kütlə şəklində qalan məhsulları isə mütləq zibil qutusuna atmaq lazımdır.
Tualetə qətiyyən atılmamalı olan maddələr:
Nəm salfet və kağız dəsmallar,
Makiyaj təmizləmə pambıqları və qulaq çubuqları,
Qadın gigiyena vasitələri.
Suda əriməyən bu maddələr borularda ciddi qəzalara və yüksək təmir xərclərinə səbəb olur.
Foseptik (septik) sistem istifadəçilərinə xüsusi xəbərdarlıq
Xüsusi çirkab su quyularından (foseptik) istifadə edən fərdi ev sahibləri daha diqqətli olmalıdır. Bu sistemlərdə yalnız suda çox tez parçalanan xüsusi kağızlardan istifadə edilməlidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)