Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov

13 Oktyabr 2026 21:33

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyinin artırılmasında mühüm rol oynayır, tranzit daşımalarının həcmi isə ildən-ilə artır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Bakıda keçirilən təntənəli qəbulda bildirib.

"Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Tranzit daşımalarının həcmi ildən-ilə artır", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Türkmənistan müasir nəqliyyat infrastrukturuna malikdir və dəniz limanına, dəmir yollarına, eləcə də digər logistika obyektlərinə əhəmiyyətli investisiyalar yatırıb.

"Xəzər dənizi vasitəsilə keçən beynəlxalq nəqliyyat marşrutu Mərkəzi Asiyanı Cənubi Qafqazla, daha sonra isə Türkiyə və Avropa bazarları ilə birləşdirir. Bakı (Ələt) və Türkmənbaşı limanları dəniz və quru nəqliyyatı arasında yüklərin aşırılmasını təmin edərək bu marşrutun mühüm qovşaqları kimi çıxış edir.

2026-cı ilin fevral ayında Azərbaycan, Türkmənistan, Özbəkistan və Gürcüstanın dəmir yolu şirkətlərinin nümayəndələri Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsini, yük axınının artırılmasını və daşımaların rəqəmsallaşdırılmasını müzakirə ediblər. Aprel ayında Bakıda keçirilən danışıqlarda isə Azərbaycan və Türkmənistan nümayəndələri dəniz limanlarının potensialından daha dolğun istifadə edilməsi və tranzit daşımalarının artırılması imkanlarını nəzərdən keçiriblər.

2025-ci ilin iyun ayında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə Türkmənistan ərazisindən keçməklə Çinin Szinxua şəhərindən Bakıya ilk yük qatarı yola salınıb. 100 konteynerdən ibarət qatar Türkmənbaşı limanına qədər hərəkət edib. Oradan yükün Xəzər dənizi vasitəsilə Bakıya çatdırılması nəzərdə tutulub. Bu marşrut Çindən Mərkəzi Asiyaya, Cənubi Qafqaza və daha sonra Avropaya yüklərin çatdırılması imkanlarını genişləndirir", - deyə nazir qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)