"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyi (Baku Network) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək" layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetində tələbələrlə görüş keçirib.
Trend BİA-nın direktor müavini, layihənin təlimçisi Sahil Kərimli çıxışında bildirib ki, dünyada qarşıdurmaların və ideoloji təhdidlərin artdığı bir vaxtda zərərli xarici təsirlərə qarşı sayıqlığın qorunması xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Azərbaycanın müstəqil xarici siyasəti, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regionda yaratdığı yeni reallıqlar müəyyən xarici dairələri narahat edir.
"Onlayn mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı saxta, qərəzli məlumatların yayıldığını görürük. Bu məlumatların məqsədi milli həmrəyliyi pozmaq, vətəndaş həmrəyliyinə xələl gətirmək və cəmiyyətimizin uzun illərdir qoruyub saxladığı birliyi zəiflətməkdir. Hər bir vətəndaşın borcu belə xəbərlərə və ideoloji təhdidlərə qarşı ayıq-sayıq olmaqdır", - deyə o bildirib.
S.Kərimli qeyd edib ki, layihə çərçivəsində tələbələrlə görüşlərin keçirilməsi gənclərin cəmiyyətin gələcəyində mühüm rol oynaması ilə bağlıdır.
"Azərbaycan gəncləri milli, vətənpərvərlik və dövlətçilik ruhunda böyüyürlər. Lakin bu, arxayınlaşmağa əsas vermir. Zərərli xarici təsirlərə qarşı daim qabaqlayıcı tədbirlər görülməli, gənclərin məlumatlılığı artırılmalıdır", - deyə o vurğulayıb.
Sahil Kərimli vahid məktəbli forması ətrafında aparılan müzakirələrə də toxunub. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir, ölkədə dini etiqad azadlığı təmin olunur, dini abidələrə və ibadət yerlərinə diqqət göstərilir. Onun fikrincə, məktəbli forması məsələsinin siyasiləşdirilməsi cəhdlərinə qarşı sağlam mövqe nümayiş etdirilməli, dövlətçilik və milli maraqlar əsas götürülməlidir.
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri, əməkdar jurnalist Elçin Alıoğlu isə çıxışında hibrid müharibələrdə insanların düşüncəsinə təsir göstərilməsinin əsas vasitələrdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, yanlış məlumatların geniş yayılması insanların onları həqiqət kimi qəbul etməsinə və səhv qərarlar verməsinə səbəb ola bilər.
"Azərbaycanı gözləyən təhlükələrdən danışarkən ilk növbədə sizin düşüncəniz uğrunda aparılan mübarizəni nəzərə almalıyıq. Heç kim gəlib sizə açıq şəkildə müharibə elan etmir. Əksinə, müxtəlif ideyalar və çıxış yolları təqdim olunur. İnsan, dövlət və cəmiyyət arasında bağlılıq güclü olduqda isə həmin insanı aldatmaq daha çətin olur", - deyə o qeyd edib.
E.Alıoğlu sosial şəbəkələrdə davranışların və şəxsi məlumatların insanların maraqlarını müəyyənləşdirmək, onlara təsir göstərmək üçün istifadə oluna biləcəyinə diqqət çəkib. O, gəncləri rəqəmsal mühitdə qarşılaşdıqları məlumatlara tənqidi yanaşmağa və manipulyasiyalara qarşı diqqətli olmağa çağırıb.
"Siz hədəfdəsiniz. Sosial şəbəkəyə daxil olduğunuz zaman tam azad olduğunuzu düşünməyin. Oradakı fəaliyyətiniz, maraqlarınız və seçimləriniz sizin haqqınızda təsəvvür formalaşdırır", - deyə o bildirib.
Görüşün sonunda Sahil Kərimli zərərli xarici təsirlərin yalnız gəncləri deyil, cəmiyyətin müxtəlif təbəqələrini, o cümlədən media nümayəndələrini də hədəfə aldığını vurğulayıb. O, Azərbaycanın milli maraqlarının qorunmasında və informasiya təhdidlərinə qarşı mübarizədə hər bir vətəndaşın məsuliyyət daşıdığını qeyd edib.