Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib

13 Oktyabr 2026 17:38

Almaniyanın Nürnberq hava limanına enən təyyarənin pilot kabinəsindən hava gəmisinin ələ keçirilməsi barədə xəbərdarlıq edən "7500" siqnalı göndərilib.

Bu barədə Bavariya polisi "X" hesabında məlumat yayıb.

"Pilot kabinəsindən "7500" kodu (təyyarənin ələ keçirilməsi barədə xəbərdarlıq) göndərilib, bundan sonra pilot radio əlaqəsinə çıxmağı dayandırıb. Ehtiyat tədbiri olaraq bir neçə növbətçi təyyarə həyəcan siqnalı ilə havaya qaldırılıb", - deyə məlumatda bildirilib.

Hadisə ilə əlaqədar Nürnberq hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb və ərazisi mühasirəyə alınıb. Həmçinin hava limanına gedən avtobus və metro qatarlarının hərəkətində fasilələr yaranıb.

Daha sonra Yunanıstanın Korfu adasından gələn təyyarə "Eurofighter" qırıcılarının müşayiəti ilə təhlükəsiz şəkildə eniş edib. Yerli vaxtla saat 13:00 radələrində polis həyəcan siqnalını ləğv edib və aparılan yoxlamanın hər hansı təhlükə aşkar etmədiyini bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)