Deputat Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib

13 Oktyabr 2026 12:19

Azərbaycanda milli ideologiyanın məzmununun genişləndirilməsi, istiqamətlərinin müəyyənləşdirilməsi və təbliğinin gücləndirilməsi məqsədilə Milli Azərbaycançılıq İnstitutunun yaradılmasına ehtiyac var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə günü Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, milli ideologiya məsələsinə yanaşarkən azərbaycanlıların kim olduğu, nəyə inandığı və necə bir ölkədə yaşamaq istədiyi suallarına cavab verilməlidir.

O, Prezident İlham Əliyevin ideoloji təhlükəsizliyin əhəmiyyətinə dair fikirlərini xatırladaraq bildirib ki, müasir dövrdə ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir. Onun sözlərinə görə, internet, kibertəhlükələr və süni intellekt texnologiyalarının geniş yayıldığı şəraitdə Azərbaycanın ideoloji məkanının yad təsirlərdən qorunması və müasir ideoloji işin aparılması xüsusi əhəmiyyət daşıyır.

T.Mirkişili qeyd edib ki, Azərbaycanın milli ideologiyasının əsas istiqamətləri dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlərdir. O, bu məsələlərin Ulu öndər Heydər Əliyevin 21 noyabr 1998-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 6-cı ildönümü münasibətilə etdiyi çıxışda da geniş yer aldığını vurğulayıb.

Deputatın sözlərinə görə, dövlətçilik Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasını, müstəqilliyin möhkəmləndirilməsini nəzərdə tutur. O bildirib ki, dövlətçilik düşüncəsi hər bir vətəndaşın dünyagörüşünün ayrılmaz hissəsi olmalı, insanlar vətənlərinə, xalqlarına, millətlərinə və ana dillərinə görə qürur duymalı, azərbaycanlı olmaları ilə fəxr etməlidirlər.

Milli-mənəvi dəyərlərin də milli ideologiyanın əsas dayaqlarından biri olduğunu deyən T.Mirkişili bu dəyərlərin Qurani-Kərimdə, Azərbaycanın mütəfəkkirlərinin, dövlət xadimlərinin və digər görkəmli şəxsiyyətlərinin irsində əks olunduğunu bildirib. O, milli adət-ənənələrin, Azərbaycan dilinin və dinin qorunmasının vacibliyini diqqətə çatdırıb.

Deputat eyni zamanda dinin şəxsi məqsədlər üçün istismar edilməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb. Onun fikrincə, dövlət dini öz maraqları naminə istifadə etmək istəyən şəxslərin bu sahəyə mənfi təsirlərinə imkan verməməlidir.

T.Mirkişili ümumbəşəri dəyərlərin Azərbaycanın Konstitusiyasında əksini tapdığını qeyd edərək ölkədə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun milli ideologiyanın bu istiqaməti ilə uzlaşdığını bildirib.

O vurğulayıb ki, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının əsas tərkib hissələridir.

"Bizim borcumuz bu ideologiyanı təbliğ etmək, genişləndirmək, inkişaf etdirmək, insanlara başa salmaqdır", - deputat deyib.

T.Mirkişili hesab edir ki, milli ideologiyanın daha dərindən öyrənilməsi və inkişaf etdirilməsi istiqamətində alimlərin və tədqiqatçıların geniş iş aparmasına ehtiyac var. Bu baxımdan o, Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib.

Deputat bildirib ki, belə bir institut milli azərbaycançılıq ideologiyasının məzmununun genişləndirilməsinə, əsas istiqamətlərinin müəyyənləşdirilməsinə və onun gələcək təbliğat strategiyasının formalaşdırılmasına mühüm töhfə verə bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)