NBA-nın əfsanəvi basketbolçusu Maykl Cordanın "Çikaqo"da çıxış etdiyi son mövsümdə geyindiyi forma hərracda 14 milyon dollara alıcı tapıb. Bu satış basketbolla bağlı əşyalar arasında rekord göstərici hesab olunur.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Cordan həmin forma ilə 1998-ci ildə "Yuta"ya qarşı keçirilən final seriyasının ikinci oyununda meydana çıxıb. "Çikaqo"nun 93:88 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada basketbolçu 37 xal toplayıb. Komanda daha sonra seriyanı 4:2 hesabı ilə qazanaraq çempion olub.
Hərracda satılan formanın üzərində Maykl Cordanın avtoqrafı da olub.
Bununla belə, idman tarixində ən yüksək qiymətə satılan forma rekordu hələ də amerikalı beysbolçu Beyb Ruta məxsusdur. Onun forması 2024-cü ildə 24,12 milyon dollara satılıb.
Qeyd edək ki, bundan əvvəl Maykl Cordanın formasına görə hərracda ödənilən ən yüksək məbləğ 12,26 milyon dollar olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)