Vahid geyim bəhanəsilə məktəblərə hücum cəhdi: Məktəblərdəki insidentin pərdəarxası

12 Oktyabr 2026 23:52

Milli.Az Trend-də dərc olunmuş məqaləni təqdim edir:

Bakıda dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqinə etiraz zəminində məktəblərdə gərginliyin yaradılması, təhsil müəssisələrinə zərər vurulması və ictimai qaydanın pozulması cəhdləri cəmiyyət üçün ciddi siqnal olmalıdır. Məktəb qapılarının sındırılması, təhsil işçiləri ilə münaqişə yaradılması və dərs prosesinə müdaxilə hər hansı narazılığın ifadəsi deyil, uşaqların təhlükəsizliyini və təhsil hüququnu riskə atan davranışdır.

Daxili İşlər Nazirliyinin oktyabrın 12-də yaydığı məlumata görə, vahid geyim qaydalarının tətbiqinə maneçilik törədilməsi zəminində baş verən hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanıb, 37 nəfər həbs edilib. Nazirlik bildirib ki, həmin şəxslər məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub və ictimai qaydanı pozan hərəkətlərə cəhd ediblər.

Məktəb siyasi və ideoloji qarşıdurmanın alətinə çevrilməməlidir

Təhsil müəssisəsi uşaqların bilik aldığı, müəllimlərin isə öz peşə vəzifələrini yerinə yetirdiyi məkandır. Bu məkanı hər hansı ideoloji mübarizənin, təzyiqin və ya küçə qarşıdurmasının platformasına çevirmək cəhdi yolverilməzdir. Heç bir dini baxış, şəxsi inanc və ya siyasi mövqe qanunun tələblərini pozmağa, məktəb əmlakına zərər vurmağa və başqalarının hüquqlarını məhdudlaşdırmağa əsas vermir.

Dini dəyərlərə hörmətlə qanunazidd hərəkətlərə münasibəti bir-birindən ayırmaq vacibdir. Söhbət dinə və ya dindarlara qarşı mövqedən deyil, dini ritorikadan istifadə etməklə qaydaları pozmağa, ictimai gərginlik yaratmağa və dövlət təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa çalışan şəxslərin davranışından gedir. Dini inanc insanın şəxsi seçimi ola bilər, lakin heç kim bu seçimdən başqalarına təzyiq vasitəsi kimi istifadə edə bilməz.

Məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı fərqli fikirlərin olması qanun pozuntularına haqq qazandırmır. Hər hansı qayda ilə bağlı iradlar qanuni müraciət, müzakirə və hüquqi mexanizmlər vasitəsilə ifadə edilə bilər. Qapıları sındırmaq, müəllimlərlə qarşıdurmaya girmək və təhsil prosesini pozmaq isə müzakirə deyil, hüquq pozuntusu ehtimalı yaradan hərəkətlərdir.

Hadisələrin daha geniş kontekstdə təhlili də vacibdir. Cəmiyyətdə həssas mövzular ətrafında narazılığın qızışdırılması, ayrı-ayrı qrupların qarşı-qarşıya qoyulması və emosional çağırışların yayılması ictimai sabitliyə zərər verə bilər. Dini mövzuların manipulyasiya vasitəsinə çevrilməsi isə bu riski daha da artırır.

Prezidentin xəbərdarlığı: ideoloji risklərə qarşı diqqət

Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxışı zamanı fiziki təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizliyin də əhəmiyyətini vurğulayıb. Dövlət başçısı ölkənin ideoloji məkanının xarici təsirlərdən qorunmasının vacibliyini qeyd edərək bildirib ki, ideoloji təxribatlara qarşı mübarizədə təhsil, məlumatlılıq və vətənpərvərlik mühüm rol oynayır.

"Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır".

Prezident xarici təzyiqlərə münasibətdə Azərbaycanın mövqeyini də açıq ifadə edib:

"Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin".

Dövlət başçısının bu fikirləri Azərbaycanın suverenliyinə və müstəqil siyasətinə müdaxilə cəhdlərinə münasibətdə prinsipial mövqeyini ifadə edir. Eyni zamanda, Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər məktəblərdə baş verən hadisələrin qiymətləndirilməsi baxımından da əhəmiyyətlidir. Çünki ideoloji təsirlərə qarşı dayanıqlılıq yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmır. Cəmiyyətdə hüquqi düşüncənin, məsuliyyət hissinin və dövlət institutlarına hörmətin gücləndirilməsi də vacibdir.

Qanunun aliliyi prinsipial mövqedir

Məktəblərdə təhlükəsizliyin təmin olunması, müəllimlərin hüquqlarının qorunması və şagirdlərin normal təhsil alması dövlətin əsas vəzifələrindəndir. Bu vəzifənin yerinə yetirilməsi zamanı qanun pozuntularına yol verən şəxslərə münasibətdə prinsipial mövqe sərgilənir və şəffaf formada aparılır.

Məktəb qapılarını sındırmaq, dərs prosesinə mane olmaq və məktəb rəhbərliyi ilə qarşıdurma yaratmaq heç bir halda qəbuledilə bilməz. Əksinə, bu cür davranışlar həmin ideyanın ictimai müzakirə imkanlarını daraldır və uşaqların təhlükəsizliyini risk altına qoyur.

Sosial şəbəkələrdə yayılan görüntülərdə etiraz edən şəxslərin məktəblərin qapı və pəncərələrinə zərər vurduğu, təhsil müəssisələrinin ərazisinə zorla daxil olmağa çalışdığı görünür. Bu cür hadisələr təkcə məktəb əməkdaşlarının deyil, dərs prosesində iştirak edən şagirdlərin də təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır. Sonda həmin görüntüləri təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)