Çay saatlarının əvəzedilməzi olan kekslərin kifayət qədər qabarmaması və ya sobadan çıxdıqdan dərhal sonra çökməsi problemi peşəkar şeflərin tətbiq etdiyi sadə nüanslar aradan qalxır.
Milli.Az xəbər verir ki, mükəmməl qabaran keksin ilk qaydası ərzaqların temperaturudur. Yumurta, süd, qatıq və ya kərə yağının soyuducudan çıxan kimi xəmirə əlavə edilməsi qabarma prosesinə mənfi təsir edir. Bişirməyə başlamazdan ən azı 30 dəqiqə əvvəl bütün ərzaqlar soyuducudan çıxarılmalıdır.
Keksin süngər kimi yumşaq və həcmli olmasını təmin edən ən kritik addım turşuluq tərkibli komponentlə qabartma tozunun reaksiyasıdır. Xəmirə əlavə edilən bir neçə damcı təzə limon suyu və ya 1 çay qaşığı sirkə qabartma tozu ilə reaksiyaya girərək mikroskopik hava qabarcıqları yaradır. Bu da keksin sobanın içində maksimum dərəcədə qabarmasına səbəb olur. Bu miqdar keksin dadında və ya qoxusunda heç bir turşuluq yaratmır.
Sobanın öncədən 170-180°C dərəcədə qızdırılması vacibdir. Bişmənin ilk 20 dəqiqəsində sobanın qapağını qətiyyən açmaq olmaz. İçəri daxil olan soyuq hava xəmirin içindəki isti hava qabarcıqlarının anidən büzüşməsinə və keksin ortasının çökməsinə gətirib çıxarır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)