Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi sənətinin parlaq nümunələrini özündə birləşdirən növbəti möhtəşəm konsert proqramı təqdim olundu.
Konsertdə dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi. Gecənin xüsusi qonağı qismində Rusiyadan dəvət olunmuş pianoçu Elsi Varando dinləyicilərə yüksək peşəkarlıq və bədii ifadə gücü ilə seçilən ifa təqdim etdi.
Konsert proqramında S.Prokofyevin fortepiano və orkestr üçün 3-cü Konserti (C-dur, op. 26) və S.Raxmaninovun "Simfonik rəqslər" (op. 45) əsərləri səsləndirildi. Hər iki əsər özünəməxsus musiqi dili, zəngin orkestr boyaları və mürəkkəb bədii-texniki xüsusiyyətləri ilə proqramın məzmununu daha da dolğunlaşdırdı.
Zəngin musiqi məzmunu, peşəkar ifaçılıq və yüksək səviyyəli bədii təqdimatı ilə seçilən konsert dinləyicilər tərəfindən böyük maraqla qarşılandı. Gecə klassik musiqinin zəngin ənənələrini yaşatmaq, dünya musiqi irsinin dəyərli nümunələrini geniş auditoriyaya çatdırmaq və musiqisevərlərə unudulmaz sənət təəssüratları bəxş etmək baxımından əlamətdar oldu.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az