Payız fəslinin gəlişi Azərbaycanın füsunkar təbiəti ilə seçilən İsmayıllı rayonunda da hiss olunmağa başlayıb. Sarı və qızılı rənglərə boyanan ağaclar, sərin hava və təbiətin yaratdığı rəng çalarları bölgəyə xüsusi gözəllik qatır.
Milli.Az xəbər verir ki, İsmayıllının ən gözəl təbiət məkanlarından biri olan Qaranohur gölü isə payız fəslində özünəməxsus mənzərəsi ilə diqqət çəkir. Dağların əhatəsində yerləşən göl ətrafdakı meşələrlə birlikdə füsunkar görüntü yaradır. Payızın rəngləri təbiətin sakitliyi ilə birləşərək buranı göz oxşayan məkana çevirir.
Xüsusilə ağacların yarpaqlarının sarı, narıncı və qəhvəyi çalarlara boyanması, gölün səthində əks olunan dağ mənzərələri buraya gələnlərə unudulmaz təəssürat bağışlayır. Şəhərin səs-küyündən uzaqlaşmaq, təbiətin qoynunda dincəlmək istəyənlər üçün Qaranohur gölü payız aylarında maraqlı istiqamətlərdən biridir.
İlin hər fəslində fərqli gözəlliklərə bürünən İsmayıllı payızda rəngarəng mənzərələri, təmiz havası və sakit təbiəti ilə seçilir. Qaranohur gölü isə bu gözəlliyin ən diqqətçəkən ünvanlarından biri olaraq təbiətsevərlərin marağına səbəb olur.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)