Müəlliflik fəaliyyətimin ən əlamətdar hadisələrindən birini yaşadım. Yeni kitabım - "Ölümün bir addımlığında" işıq üzü gördü. Kitabın təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən möhtəşəm tədbirlə qeyd olundu.
Tədbirdə tanınmış alimlər, ziyalılar, şəhid anaları, qazilər, Milli Məclisin deputatları, icra hakimiyyəti nümayəndələri, eləcə də kitabın əsas qəhrəmanının ailə üzvləri və çoxsaylı fəxri qonaqlar iştirak etdilər.
Kitab 2023-cü il yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş xain hücum zamanı böyük qəhrəmanlıq göstərən, səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşı, I dərəcəli "Rəşadət" ordeni ilə təltif olunmuş Vasif Tağıyevə həsr edilib.
Həmin faciəli hadisə zamanı xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun əziz xatirəsi də bu qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir.
Tədbirimizin fəxri qonağı, şəhid Orxan Əsgərovun həyat yoldaşı Aynur xanım da iştirakçılarla həmin faciəli günün yaddaşlardan silinməyən xatirələrini bölüşdü. O, Orxanın həyatından kövrək anları, onun şəxsiyyətini, mənəvi dünyasını və ailəsinə bağlılığını əks etdirən xatirələri böyük duyğusallıqla dilə gətirdi. Aynur xanımın səmimi söhbəti tədbir iştirakçılarını dərindən təsirləndirdi, şəhidimizin əziz xatirəsinə ehtiram hissini bir daha gücləndirdi.
Bu əsər yalnız bir qəhrəmanın həyat hekayəsi deyil. O, Vətənə sədaqətin, insanlıq borcunun, mərdliyin və ölümün bir addımlığında belə geri çəkilməyən iradənin salnaməsidir. Məqsədim qəhrəmanlarımızın şücaətini gələcək nəsillərə çatdırmaq, onların adlarını xalqımızın yaddaşında əbədi yaşatmaqdır.
Bu kitabın ərsəyə gəlməsində qəhrəmanımızın anası, dəyərli Təranə xanımın əməyi xüsusilə böyükdür. O, son altı ay ərzində mənimlə birlikdə yuxusuz gecələr keçirərək bu əsərin hazırlanmasına ürəyini, zəhmətini və ana sevgisini sərf etdi. Onun dəstəyi, səbri və fədakarlığı kitabın ərsəyə gəlməsində mühüm rol oynadı.
"Ölümün bir addımlığında" mənim üçün sadəcə yeni bir kitab deyil. Bu, qəhrəmanlığa ehtiramın, şəhidlərimizin əziz xatirəsinə sədaqətin, ana fədakarlığına minnətdarlığın və milli yaddaşımıza töhfə vermək istəyimin ifadəsidir.
Vasif Tağıyev kimi igidlərimizin qəhrəmanlığı daim yaşasın!
Şəhid Orxan Əsgərovun əziz xatirəsi qəlbimizdə əbədi yaşasın!
Qəhrəmanlar unudulmur, şəhidlər ölməz! Onların dastanı kitabların səhifələrində gələcəyə yol alır!
Dilarə Nağıyeva Azərbaycanlı milyonçu-xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi Tarix elmləri üzrə fəlsəfə doktoru
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)