5 boksçumuz Avropa çempionatının finalına yüksəldi

10 Oktyabr 2026 12:00

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala vəsiqə qazanıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. Bildirilib ki, yarımfinal mərhələsinin döyüşləri nəticəsində təmsilçilərimiz həlledici qarşılaşmalarda iştirak hüququ əldə ediblər.

Cəmilə Muradlı (57 kq) Morena Stifani (İtaliya) ilə üz-üzə gəlib və 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, çempionluq döyüşündə Aliya İbrahimlə (Almaniya) qarşılaşacaq.

Səma Abbasova (66 kq) Justina Anufriyevanı (Rusiya) 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Milli üzvü həlledici görüşdə Ada Eybeylə (Türkiyə) qüvvəsini sınayacaq.

Həsrət Məmmədov (46 kq) Ronan Çarlzdan (İrlandiya) üstün olub - 3:2 (28:29, 30:27, 30:27, 30:27, 28:29). Boksçumuz finalda Kristi Kaşunu (Rumıniya) sınağa çəkəcək.

İsmayıl Nəsirzadə (52 kq) Martin Nevinlə (İrlandiya) döyüşü aktivinə yazaraq 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Təmsilçimizin həlledici qarşılaşmada rəqibi Şaylo Makleod (İngiltərə) olacaq.

Məhəmmədəli İstamov (57 kq) isə Nikita Zaxarçenkoya (Ukrayna) qalib gəlib - 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). O, qızıl medal uğrunda görüşdə Con Elamla (İngiltərə) üz-üzə gələcək.

Daha 3 boksçumuz - Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə çempionatı bürünc medalla başa vurublar.

Qeyd edək ki, final döyüşləri oktyabrın 11-də keçiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)