2026-cı ilin 9 oktyabr tarixində Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasında Azərbaycan Rəssamlar İttifaqının və UNESCO Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü Mehriban Alışovanın əsərlərindən ibarət "Azərbaycan: təbiətin palitrası" adlı sərginin açılış mərasimi baş tutub.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi, Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və Meksika Deputatlar Palatasının Mədəniyyət və Kinematoqrafiya Komissiyasının birgə təşkilatçılığı ilə keçirilmiş sərgidə M.Alışovanın Azərbaycanın zəngin flora və faunasını təsvir edən əsərləri nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran mühüm vasitələrdən biri olduğunu, bu baxımdan, belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, iki ölkə arasında təsviri incəsənət sahəsində əlaqələr, vaxtilə Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin Meksikanın dünya şöhrətli rəssamı David Alfaro Sikeyros ilə dostluq əlaqələrinin mövcudluğu, Meksika rəssamlıq ənənələrinin onun yaradıcılığına təsiri, habelə ölkəmizdə Meksikanın tanınmış rəssamları Frida Kalo və Dieqo Riveranın yaradıcılığına göstərilən maraq barədə məlumat verib. Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə Səfirlik arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi mədəniyyət sahəsində tədbirlərin təşkili yüksək qiymətləndirilib.
Daha sonra çıxış edən Dostluq Qrupunun sədri deputat Dulse Mariya Korina Viyyeqas Azərbaycanla Dostluq Qrupunun Deputatlar Palatasında ən fəal qruplardan biri kimi tanındığını xüsusi qeyd edib. Mədəniyyətin xalqların irs və dəyərlərini qarşılıqlı şəkildə tanımağa imkan yaratdığını, bu sahədə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Açılış mərasimində sərginin kuratoru qismində çıxış edən meksikalı rəssam Karol Qoddard M.Alışovanın yaradıcılığını yüksək qiymətləndirib, rəsmlərdə istifadə olunan rəng çalarlarının rəssamın daxili dünyasının zənginliyini əks etdirdiyini bildirib.
M.Alışova öz çıxışında Meksikada Azərbaycan mədəniyyətini təmsil etməkdən qürur duyduğunu bildirib. Bu sərginin təkcə sənət əsərlərinin nümayişi olmadığını, həm də iki xalq arasında mədəni əlaqələrin inkişafına töhfə verən və onları birləşdirən körpü rolunu oynadığını vurğulayıb.
Tədbirdə Meksika Deputatlar Palatasının üzvləri, ölkədə akkreditə olunmuş səfirlər və diplomatik korpusun təmsilçiləri, yerli mətbuat nümayəndələri iştirak edib.
Tədbirin sonunda Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib.
Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yerli mətbuatda işıqlandırılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)