Panamada 7.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Güclü zəlzələdən sonra Panamanın paytaxtında ofislərdən və hündürmərtəbəli binalardan insanların qabaqlayıcı məqsədlə təxliyəsi həyata keçirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, Panamanın Milli Mülki Müdafiə Sistemi və xilasetmə xidmətləri zəlzələnin mümkün fəsadlarını qiymətləndirmək üçün müşahidə tədbirlərinə başlayıblar. Yoxlamalar episentrə yaxın ərazilərdə, eləcə də Los-Santos, Errera və Veraguas əyalətlərinin bəzi hissələrində aparılır.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Zəlzələ paytaxt da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində güclü hiss edilib.
Bundan başqa, Panama Təhsil Nazirliyi oktyabrın 9-da ölkənin bütün təhsil müəssisələrində ikinci növbədə dərsləri dayandırıb. Bu barədə qurum sosial şəbəkə hesabında məlumat yayıb.
Nazirlik vətəndaşları sakitliyi qorumağa, yalnız rəsmi mənbələrdən məlumat almağa və təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə çağırıb.
Məlumata görə, zəlzələnin episentri Panama paytaxtından 213 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı isə 12 kilometr dərinlikdə olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)