Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yeni layihəyə start verir

9 Oktyabr 2026 19:30

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yeni layihəyə start verir. Layihələrdən biri Gəncə və regionlarda fəaliyyət göstərən istedadlı ifaçıların öz sənətlərini nümayiş etdirmələri və səhnədə parlamalarına şərait yaradan "Muğam axşamı" layihəsidir.

Layihənin ilk iştirakçısı Gəncə Dövlət Filarmoniyasının solisti, istedadlı xanəndə Zəminə Mustafayeva olacaq.

14 oktyabr 2026-cı il, saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Muğam axşamı" layihəsinin ilk konserti keçiriləcək.

Konsert proqramı "Arazbarı" muğam qrupunun müşayiəti ilə təqdim olunacaq. Qrupun rəhbəri "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Sahil Quliyevdir.

Proqramda Azərbaycan muğam sənətinin zəngin ənənələrini əks etdirən muğam nümunələri və bəstəkar mahnıları səsləndiriləcək.

Oktyabr ayında Filarmoniyanın səhnəsində daha iki maraqlı konsert proqramı da təqdim olunacaq. 10 oktyabr saat 18:00-da "Şam işığında Retro", 27 oktyabr saat 19:00-da isə Xalq artisti, xanəndə Könül Xasıyevanın "Məni tənha qoyma" adlı solo konserti keçiriləcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az