Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızına qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Milli.Az Unikal.az-a istinadla xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərman qızına qarşı barəsində yayılmış məlumatların təkzib edilməsi, həmin məlumatların şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilməsi və dəymiş mənəvi ziyana görə 100 min manat pulun müğənnidə tutularaq iddiaçıya ödənilməsi tələbinə baxılıb.
Məhkəmə yekun qərarı elan edib və müğənninin qardaşının iddiasını qismən təmin edib.
Belə ki, qətnamədə əksini tapan Afət Fərman qızı tərəfindən internet kanallarında (sosial şəbəkələrdə, YouTube kanallarında, Telegram və ya digər rəqəmsal platformalarda) işlədilmiş ifadələr Rəşad Şərifovun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib.
Eyni zamanda, dəymiş mənəvi ziyanın əvəzi olaraq 7 min manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat müğənni Afət Fərmanqızından tutularaq Rəşad Şahyar oğlu Şərifova ödənilməlidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)