MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)

8 Oktyabr 2026 17:56

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) "Dilimiz milli-mədəni kimliyimizin təməlidir" adlı silsilə seminarlardan ibarət layihəsi davam edir.

Oktyabrın 8-də Azərbaycan Milli Kitabxanasında layihə üzrə növbəti seminar keçirilib. Layihənin budəfəki qonağı Xalq şairi, tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlı olub.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov tədbir iştirakçılarını salamlayıb, Sabir Rüstəmxanlının öz yaradıcılığı ilə Azərbaycanda ədəbi-ictimai fikrin inkişafına mühüm töhfələr verdiyini deyib. K.Tahirov Xalq şairini Azərbaycan dilinin həqiqi təəssübkeşlərindən biri kimi səciyyələndirib.

MEMİM-in direktoru v.i.e. sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov Sabir Rüstəmxanlını 80 illik yubileyi və dövlət başçısının Sərəncamı ilə bu ilin may ayında "Şərəf" ordeni ilə təltif olunması münasibətilə təbrik edib, xoş arzularını bildirib.

V.Hümbətov layihənin "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasının müvafiq hədəflərinə uyğun olaraq Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliğ edilməsi məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında xalqımızın milli mənlik şüurunun formalaşmasında və tarixi yaddaşının qorunmasında ana dilimizin müstəsna rol oynadığını deyib. Mədəniyyət konsepsiyasında Azərbaycan dilinə və ədəbiyyatına xüsusi yer verilməsinin əhəmiyyətini yüksək qiymətləndirən ədib qloballaşmanın çox sürətlə getdiyi bir vaxtda ana dilinin və digər mədəniyyət dəyərlərinin qorunmasının zəruriliyini qeyd edib.

Sonra Sabir Rüstəmxanlı auditoriyanın suallarını cavablandırıb.

Şairin yaradıcılığına həsr olunan "Dil, kimlik, Vətən" kitabının müəllifi Şəhla Aslan layihənin əhəmiyyətini vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib.

Tədbirdə aşıq Əli Zeynalabdinov və Beynəlxalq Muğam Mərkəzinin solisti, xanəndə Hüseyn Məlikovun iştirakı ilə muğam üçlüyünün (tarda Valeh Allahverdiyev, kamançada Orxan Hüseynov) ifaları təqdim olunub. Bədii qiraətçi Hüseynağa Aslanov isə Xalq şairinin "Sağ ol, ana dilim" şeirini səsləndirib.

Mərkəzin sektor müdiri Fariz Yunislinin moderatorluğu ilə keçirilən seminarda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Sonda MEMİM adından yubileyi münasibətilə Sabir Rüstəmxanlıya xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az