ABŞ İrana zərbələri bərpa edə bilər - Mühüm detallar

8 Oktyabr 2026 17:23

ABŞ-ın yaxın günlərdə İrana qarşı hərbi zərbələri yenidən başlada biləcəyi bildirilir.

Milli.Az xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon bir neçə gün əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) İranda mümkün genişmiqyaslı hərbi əməliyyatların bərpasına hazırlığı başa çatdırmaq barədə göstəriş verib.

Bununla belə, direktivdə zərbələrin başlanması üçün konkret tarix göstərilməyib. ABŞ Prezidenti Donald Trampın da bununla bağlı yekun qərar qəbul etmədiyi bildirilir.

ABŞ və İsrail mənbələri mümkün zərbələrin ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl başlaya biləcəyini bildiriblər. Bəzi mənbələr isə eskalasiyanın İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl baş verə biləcəyini iddia edirlər.

"Axios"un məlumatına görə, mümkün əməliyyatlar çərçivəsində İranın enerji, nüvə obyektlərinə və digər infrastrukturlarına genişmiqyaslı zərbələrin endirilməsi nəzərdən keçirilir. Belə bir ssenarinin neft qiymətlərinə təsir göstərə biləcəyi və ABŞ-də seçkilərin nəticələrinə təsir ehtimalının müzakirə olunduğu qeyd edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)