Bu ilin yanvar-sentyabr aylarında Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunu 120 mindən çox turist ziyarət edib.
Milli.Az xəbər verir ki, bunu qoruğun direktoru Nəzər Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ziyarətçilərin 26 mindən çoxunu xarici turistlər təşkil edib: "Bizdə gündəlik statistika aparılır və məlumatlar hər gün Dövlət Turizm Agentliyinə təqdim olunur. Qoruğu ziyarət edənlərin çoxu xarici turistlərdir. Xarici qonaqlar əsasən yaz və payız aylarında üstünlük təşkil edirlər. Ən çox turist isə Avstraliya və İsraildən gəlir. Hər gün bu ölkələrdən 2-3 tur qrupu qoruğa baş çəkir".
Direktorun sözlərinə görə, gələn turistlərin böyük hissəsi yaşlı insanlardır: "Ərazimiz böyükdür, onun 80 hektarı qoruğun ərazisidir, yəni tarixən formalaşmış hissəsidir. 100-ə qədər tarix-mədəniyyət abidələrimiz dövlət siyahısına alınıb, dövlət tərəfindən qorunur".
N. Əliyev qeyd edib ki, Lahıca gələn turistlər qoruğun tarixi, əhalinin məşğuliyyəti və məişəti ilə yaxından maraqlanırlar: "Belə ki, yerli əhalinin yaşayış şəraitini görmək, evlərinə baxmaq istəyirlər. Bu gün Lahıcda həm qədimilik, həm də müasirliyin vəhdəti var. Qoruq ərazisində mehmanxanalar və ev turizmi üçün lazımi şərait yaradılıb. Qonaqlar, həmçinin milli mətbəximizlə, xüsusilə yarpaq dolması kimi təamlarla tanış olmağa böyük maraq göstərirlər"./Report
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)