Cəbrayılda mina partladı - Xəsarət alan var - Yenilənib

8 Oktyabr 2026 18:28

Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib

Bildirilib ki, ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.

Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

-------------

İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatında bildirilib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)