Abşeron xəstəxanasında direktor müavinini bıçaqlayan sürücü imiş... - (Foto)

8 Oktyabr 2026 14:11

Xəbər verdiyimiz kimi, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumat yayılıb.

TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında xəstəxanada Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

"Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib", - açıqlamada deyilir.

Xatırladaq ki, daha əvvəl mediada Orxan Ənvərlinin TƏBİB-in keçmiş sədri Vüqar Qurbanovun qohumu olması ilə bağlı məlumat yayılmışdı. TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri işləyən Orxan Qurbanovun sonradan soyadını dəyişərək Ənvərli etdiyi bildirilirdi. 

O.Ənvərli həmçinin vəkil fəaliyyəti ilə də məşğul olubmuş və hazırda Vəkillər Kollegiyasının üzvüdür.

xxx

"Qafqazinfo"nun məlumatına görə, hadisə zamanı xəsarət alan Orxan Ənvərli Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun inzibati işlər üzrə müavinidir.

xxx

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, ilkin məlumata görə, tibb müəssisəsinin baş həkimininin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə, vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Ənvərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasına baş həkiminin müavini təyin edilib.