Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

8 Oktyabr 2026 08:29

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir.

Milli.Az xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar.

Dərhal bağlamaq və daimi açıq qoymaq nəyə yol açır?
Maşının qapağı dərhal bağlandıqda içəridə qalan nəmlik kif əmələ gəlməsinə və zamanla üfunətli qoxuların yaranmasına zəmin hazırlayır.

Qapağın fasiləsiz açıq qalması menteşələrə daimi yük düşməsinə, su sızdırmazlıq contalarının sıradan çıxmasına yol açır. Eyni zamanda, içəri toz və zərrəciklər dolur, evdəki kiçik uşaqlar və ev heyvanları üçün təhlükə yaradır.

İdeal havalandırma müddəti nə qədərdir?
Mütəxəssislərin fikrincə, ən doğru yanaşma yuyulma bitdikdən sonra qapağı və yuyucu vasitə bölməsini 4 ilə 6 saat arasında açıq saxlayaraq nəmin buxarlanmasını təmin etməkdir. Bu müddətdən sonra qapağın bağlanması tövsiyə olunur.

Paltaryuyan maşın üçün qızıl qaydalar:
Maşının içi quruduqdan sonra qapaq rezinində (contada) yığılan su qalıqlarını bezlə silin.

Kifin ən çox yığıldığı nöqtə olan yuyucu vasitə gözünü yüngülcə aralı qoyun.

Ayda 1-2 dəfə maşını boş şəkildə 90°C-də və ya "Baraban Təmizləmə" rejimində işlədərək qalıqları və bakteriyaları təmizləyin.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)