Avropa Parlamenti Azərbaycan haqqında növbəti hökmünü verməyə hazırlaşır. Problem ondadır ki, bu dəfə hökm müzakirədən də, səsvermədən də əvvəl yazılıb.
2026/2914(RSP) nömrəli prosedurun rəsmi adı bunu açıq göstərir: "Azərbaycanda Əli Kərimli, Anar Məmmədli və digər siyasi məhbusların işi".
"Siyasi məhbus" ifadəsi deputat çıxışında və ya QHT bəyanatında deyil, birbaşa parlament prosedurunun adına salınıb. Mübahisənin predmeti olmalı anlayış əvvəlcədən fakt kimi təqdim edilir.
Səsvermə oktyabrın 8-nə təyin olunub.
Məhkəmə zalı, sübutların tam araşdırılması, şahidlər yoxdur. Amma siyasi hökmün dili artıq hazırdır.
Oktyabrın 5-də altı qətnamə layihəsi qeydiyyata alınıb. Hüquqi əsas Avropa Parlamentinin insan hüquqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı təcili debatlarını tənzimləyən 150-ci maddəsidir.
Belə debatlar üçün ümumi vaxt bir sessiyada cəmi 60 dəqiqədir. Bu müddətdə konkret cinayət işlərinə, Azərbaycan məhkəmələrinə, qanunvericiliyə və beynəlxalq öhdəliklərə siyasi qiymət verilir. Halbuki materialların tam öyrənilməsi, şahidlərin dindirilməsi və məhkəmə prosesi yoxdur.
Avropa Parlamentinin siyasi qətnamə qəbul etmək hüququ var. Amma siyasi qiyməti hüquqi fakt kimi təqdim etmək başqa məsələdir.
2026-cı il mayın 4-də Prezident İlham Əliyev bildirmişdi ki, 2021-ci ilin mayından 2026-cı il aprelin 30-dək Avropa Parlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib: "Beş ildə 14 qətnamə, bu, bir növ obsessiyadır".
Bakı institusional cavab verdi. Mayın 1-də Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı dayandırdı, Aİ - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakına son qoydu və "Avronest"də iştirakın dayandırılması proseduruna başladı.
Hazırkı qətnamə qanunvericilik xarakteri daşımır. Avropa Parlamenti onunla Azərbaycan məhkəməsinin qərarını ləğv edə, kimisə azadlığa buraxa, qanunvericiliyi dəyişə və ya təkbaşına sanksiya tətbiq edə bilməz.
Real sanksiya qərarı Aİ Şurasından keçir və üzv dövlətlərin siyasi iradəsini tələb edir. Bir deputatın qəzəbli abzası ilə real sanksiya arasında hökumətlər, müqavilələr, qaz kəmərləri və milli maraqlar dayanır.
Brüsselin əsas ziddiyyəti də burada üzə çıxır.
2024-cü il oktyabrın 24-də Avropa Parlamenti Aİ-nin Azərbaycan qazından asılılığının azaldılmasını və 2022-ci il enerji memorandumunun dayandırılmasını tələb etmişdi.
2026-cı il martın 11-də Avropa Şurasının Prezidenti Antonio Koşta Bakıya gəldi. Birgə bəyanatda Aİ - Azərbaycan münasibətləri strateji əhəmiyyətli adlandırıldı, enerji, nəqliyyat, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi razılaşdırıldı. Koşta Azərbaycanı "Avropa İttifaqının əsas tərəfdaşı" adlandırdı.
Eyni Avropa İttifaqının iki institutu: biri enerji əməkdaşlığının zəiflədilməsini tələb edir, digəri onu genişləndirir.
2025-ci ildə Azərbaycan və SOCAR Aİ ölkələrinə 12,5 milyard kubmetr qaz tədarük edib. 2021-ci illə müqayisədə artım 53,8 faiz olub.
Avropa Komissiyası 2026-cı ilin martında Cənub Qaz Dəhlizini Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm alət adlandırıb.
Avropa Parlamenti asılılığı azaltmağı tələb edirdi. Avropa isə qaz alışını artırdı.
Aİ digər sahələrdə də əməkdaşlığı genişləndirir. Yanvarda "Global Gateway" çərçivəsində nəqliyyat, enerji, rəqəmsal infrastruktur və ticarət üzrə əməkdaşlıq gücləndirildi, mayda Bakıda təhlükəsizlik dialoqunun yeddinci iclası keçirildi. Sentyabrın 11-də isə Aİ - Azərbaycan tərəfdaşlığının 2026-2030-cu illər üçün prioritetlərinə dair COM(2026)0471 sənədi Avropa Parlamentinə daxil oldu.
Avropa Azərbaycanla 2030-cu ilədək tərəfdaşlıq qurur, daha çox qaz alır, təhlükəsizliyi müzakirə edir. Avropa Parlamenti isə növbəti ittiham prosedurunu işə salır.
Əgər Azərbaycan qəbuledilməz tərəfdaşdırsa, Avropa niyə əməkdaşlığı genişləndirir? Qətnamə buna cavab vermir.
Azərbaycana qarşı tənqid var. Avropa institutları və hüquq müdafiə təşkilatları bir sıra cinayət işlərini mübahisələndirir, Anar Məmmədli, Əli Kərimli və digərlərinin azad edilməsini tələb edirlər.
Bu ittihamlar ayrıca araşdırılmalıdır. Bakı isə cinayət icraatlarının kənar parlament strukturunun qərarı ilə avtomatik "siyasi iş" elan edilməsini qəbul etmir.
Ona görə prosedurun adı prinsipialdır.
Avropa Parlamenti "Əli Kərimli, Anar Məmmədli və digər məhbusların işi" yaza, yaxud "ehtimal olunan siyasi məhbuslar" deyə bilərdi. Amma mübahisəli anlayış əvvəlcədən fakt elan olunub.
Məhkəmə belə işləmir.
Siyasi təbliğat isə çox vaxt məhz belə işləyir.
Avropa Parlamentinin öz korrupsiya tarixi də var. 2022-ci ilin dekabrında qalmaqaldan sonra Eva Kaylinin vitse-prezident səlahiyyətlərinə 625 lehinə, 1 əleyhinə səslə xitam verildi. Bu, Azərbaycanla bağlı qətnamələrin mənşəyi barədə heç nə sübut etmir, amma Avropa Parlamentinin mənəvi qüsursuzluğun sinonimi olmadığını xatırladır.
Bu qarşıdurma fonunda Prezident Əliyev sentyabrın 15-də Avropa Parlamentini "korrupsionerlər yuvası" adlandırmışdı. Bu, siyasi qiymətdir, hüquqi ekspertiza deyil, amma münasibətlərdəki etimadsızlığın səviyyəsini göstərir.
Avropa Parlamenti növbəti qətnaməni qəbul edə, sanksiyalar və konkret şəxslərin azadlığa buraxılmasını tələb edə bilər. Amma ertəsi gün siyasət yenə reallıqla üz-üzə qalacaq.
Azərbaycan məhkəməsinin qərarı Strasburqdakı rəqəmlərlə ləğv olunmayacaq. Sanksiyalar öz-özünə yaranmayacaq, enerji memorandumu yoxa çıxmayacaq, Cənub Qaz Dəhlizində qaz axını dayanmayacaq, 2030-cu ilədək tərəfdaşlıq planları buxarlanmayacaq.
Avropa Parlamenti Azərbaycana necə davranmalı olduğunu deyir. Avropanın özü isə Azərbaycanla necə işləməli olduğunu çoxdan müəyyən edib.
Biri qətnamə yazır, digəri müqavilə bağlayır. Biri sanksiyadan danışır, digəri enerji təhlükəsizliyini hesablayır. Biri münasibətləri kəsməyə çağırır, digəri tərəfdaşlığı 2030-cu ilə qədər planlaşdırır.
Oktyabrın 8-də Strasburqda tablo yanacaq və daha bir siyasi sənəd qəbul oluna bilər.
Amma siyasətin həqiqi çəkisi tabloda yox, ertəsi gün baş verənlərdə ölçülür.
Qətnamə qəbul etmək asandır.
Onu Avropanın real maraqlarına qəbul etdirmək isə tamam başqa məsələdir.
Kağız hər şeyi götürür.
Reallıq isə sadəcə, hesabı düz gələn siyasəti.
Elçin Alıoğlu
Milli.Az