Polşada peşə məktəbinə bıçaqlı hücum - 9 nəfər yaralandı

7 Oktyabr 2026 16:22

Polşanın Astrolenka şəhərində fəaliyyət göstərən peşə-texniki məktəbində bıçaqlı hücum baş verib.

Milli.Az xəbər verir ki, "RMF24" radiosunun məlumatına görə, hadisə nəticəsində azı 9 nəfər xəsarət alıb. Yaralananların əksəriyyətinin tələbələr olduğu, bir müəllimin də xəsarət aldığı bildirilib.

İki yaralının vəziyyətinin ağır olduğu qeyd edilib.

Tələbə və əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə məktəbin fəaliyyəti dayandırılıb. Hadisə yerinə sanitar aviasiya helikopteri də cəlb olunub.

Hücumu törətməkdə şübhəli bilinən 19 yaşlı şəxs hadisə yerindən qaçıb. Lakin polis əməkdaşları onu şəhər çimərliyi yaxınlığında saxlayıblar.

Radionun məlumatına görə, saxlanılan şəxs həmin peşə-texniki məktəbin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)