"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə açıqlayıb.
Onun sözlərinə görə, əməliyyat zamanı bulanıq büllur fakoemulsifikasiya üsulu ilə ultrasəs vasitəsilə xırdalanaraq çıxarılır, onun yerinə isə qatlanan elastik linza mikrokəsikdən gözə yerləşdirilir:
"Bu linza akril kimi biouyğun materiallardan hazırlanır, gözdə ömürlük qalır, xüsusi qulluq tələb etmir və pasiyent tərəfindən hiss olunmur. Ənənəvi monofokal linzalar yalnız bir məsafədə, adətən, uzağı aydın görməni təmin edir. Bu səbəbdən pasiyent yaxını görmək üçün eynəkdən istifadə etməli olur".
İ. Cərullazadə qeyd edib ki, "yeni nəsil" linzalar dedikdə bir neçə məsafədə aydın görməni təmin edən premium linzalar nəzərdə tutulur:
"Multifokal və trifokal linzalar uzaq, orta və yaxın məsafələrdə görməni bərpa edir. EDOF (genişləndirilmiş fokus dərinliyi) linzalar uzaq və orta məsafələrdə keyfiyyətli görmə təmin edir, halo və parıltı effektləri isə daha az olur. Torik linzalar eyni zamanda astiqmatizmi də korreksiya edir. Bundan əlavə, asferik dizayn kontrast həssaslığını artırır, ultrabənövşəyi və mavi işıq filtrləri isə tor qişanı qoruyur. Nəticədə pasiyentlərin əksəriyyəti əməliyyatdan sonra eynəkdən asılılığını xeyli azaldır və ya eynəkdən tamamilə azad olur".
Müəllif: Mina Mikayılova