"Niva" dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı: Ölən var - (Video)

7 Oktyabr 2026 12:49

Astara rayonunun Hamoşam kəndi ərazisində avtomobilin dərəyə yuvarlanması nəticəsində sürücü ölüb.

Milli.Az xəbər verir ki, dağlıq relyefə malik kənd ərazisində, meşə massivindən keçən yolda hərəkətdə olan "VAZ-2121" markalı avtomobil yoldan çıxaraq təxminən 70 metr məsafədə dərəyə yuvarlanıb.

Nəticədə avtomobilin sürücüsü, Reqloba kənd sakini, 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, qəza yolun yağışlı hava şəraiti səbəbindən sürüşkən olması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümündə belə hadisələrin artması ehtimalını nəzərə alaraq sürücülərə dağlıq və enişli-yoxuşlu yollarda daha diqqətli olmağı tövsiyə edib.

Sürücülərdən yol və hava şəraitini nəzərə almaları, dağlıq ərazilərə səfərlər zamanı ehtiyatlı olmaları, həmçinin avtomobillərinin texniki xüsusiyyətlərinin hərəkət edəcəkləri ərazinin relyefinə uyğunluğuna diqqət yetirmələri xahiş olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)