Prokurorluğa qəbul imtahanı keçiriləcək

7 Oktyabr 2026 12:40

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə oktyabrın 9-da prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Milli.Az-a bildirilib ki, imtahanda iştirak etmək üçün 324 namizəd qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50, TÜRKPA-nın yanı) elektron formada keçiriləcək. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsilə əldə edə bilərlər. İmtahana gələrkən namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni təqdim etməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.

İmtahan saat 10:00-da başlayacaq. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya ayrılmış vaxt başa çatdıqda nəticələri ilə tanış ola biləcəklər. İmtahanın nəticələri, həmçinin növbəti gün DİM-in internet saytında yerləşdiriləcək. İmtahanın keçirilməsi qaydaları ilə bağlı məlumat "Yaddaş kitabçası"nda əks olunub. Namizədlərin imtahandan əvvəl həmin kitabça ilə tanış olmaları tövsiyə edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)