İtkin düşənlərin taleyinin müəyyənləşdirilməsi humanitar məsuliyyətimiz, ailələr qarşısında mənəvi öhdəliyimiz və davamlı sülhün mühüm şərtidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu" çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda keçirilən IV beynəlxalq konfransdakı çıxışı zamanı deyib.
O qeyd edib ki, artıq dördüncü dəfə keçirilən Bakı Dialoqunda məqsədimiz dövlətlərin, beynəlxalq təşkilatların və mütəxəssislərin təcrübəsini bir araya gətirmək, axtarışları sürətləndirən, ailələrə cavab tapmağa kömək edən əməkdaşlıq mexanizmlərini inkişaf etdirməkdir.
"Azərbaycan itkin düşənlər problemindən əziyyət çəkən ölkələrdən biridir. Keçmişdə Ermənistanın əsassız iddiaları və işğal siyasəti xalqımız üçün ağır humanitar nəticələr doğurub. Müharibə başa çatsa da, yaxınlarının taleyindən xəbərsiz ailələr üçün gözlənti davam edir.
Dövlət Komissiyasında hərbi təcavüz nəticəsində itkin düşmüş 4010 nəfər qeydiyyata alınıb. Onlardan 4004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkinlərin 3228 nəfəri hərbi qulluqçu, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var. Bu rəqəmlər faciənin miqyasını göstərir", - deyə o bildirib.
Ə.Nağıyev əlavə edib ki, Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə məzarlıqların müəyyənləşdirilməsi, qazıntı-ekskumasiya və qalıqların eyniləşdirilməsi işlərini genişləndirib.
"İtkinlərin yaxın doğmalarından ümumilikdə 11 566 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. Bu məlumatlar şəxsiyyətin elmi əsaslarla müəyyənləşdirilməsi üçün mühüm bazadır. 1 oktyabr 2026-cı ilədək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülmüş, azad edilmiş ərazilərdə aşkarlanmış 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya edilib", - deyə o vurğulayıb.
Sədr bildirib ki, Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurub, görüşlər və məlumat mübadiləsi aparıb.
"Müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısı, o cümlədən 104 nəfər barədə ətraflı məlumat qarşı tərəfə təqdim edilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyata aldığı 54 vətəndaşımız haqqında da məlumat vermişik. Onlardan 17 nəfərin meyiti qaytarılıb. Saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin meyiti qaytarılmayıb, 4 nəfərin taleyi isə açıqlanmayıb. Bu ailələr hələ də cavab gözləyirlər.
Biz azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif etmişik. Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında aparılan ekspertizalar uyğunluq müəyyən etməyib. Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırıq.
Lakin nəticə əldə etmək üçün dəqiq və tam məlumat lazımdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır", - deyə o bildirib.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu" çərçivəsində Gülüstan sarayında "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV Beynəlxalq Konfrans keçirilir.
Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.
Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.
Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)