Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində nəqliyyat vasitələrinə nəzarət tədbirləri davam etdirilir.
Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi sürücülərin diqqətinə çatdırılıb.
Həmçinin sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə profilaktik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı baxımından əhəmiyyəti izah olunub.
Qeyd edilib ki, nəzarət-profilaktik tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsinə və ətraf mühitin mühafizəsinə yönəldilib.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməyin və ətraf mühitin qorunmasına həssas yanaşmağın hər bir hərəkət iştirakçısının birbaşa məsuliyyəti olduğunu xatırladıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)