Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyəyə məxsus "Royad Məmmədov" adlı gəmi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində gəminin kapitanı yaralanıb. 13 heyət üzvü isə itkin düşüb.
Rumıniya rəsmiləri ərazidə axtarış-xilasetmə əməliyyatlarına başladıqlarını bildiriblər.
Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib.
O, 2000-ci il oktyabrın 25-də Azərbaycanın Masallı rayonunun Mahmudavar kəndində anadan olub. Mahmudavar kənd orta məktəbini bitirdikdən sonra Qərbi Kaspi Universitetinə daxil olub.
O, İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il noyabrın 8-də Laçın və Şuşanı birləşdirən strateji yol uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olub. O, doğma Mahmudavar kəndində dəfn edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)