Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun 28 yaşlı əməkdaşının ölümündən sonra karantin tədbirlərinin görüldüyü bildirilir.
Milli.Az xəbər verir ki,Darya Şipilova sentyabrın 25-də laboratoriyada taun bakteriyasının olduğu sınaq şüşəsini sındırıb. Daha sonra xəstələnən qadın oktyabrın 2-də vəfat edib. Onun ağciyər taunundan öldüyü iddia olunur.
Məlumata görə, mərhumla təmasda olan təxminən 200 nəfər müayinədən keçirilib və karantinə alınıb. Bir sıra xəstəxanalarda da karantin rejimi tətbiq edilib.
İrkutsk qubernatoru İqor Kobzev regionda "xüsusilə təhlükəli infeksiya" şübhəsi ilə epidemiya əleyhinə tədbirlərin görüldüyünü açıqlayıb.
Bununla belə, Rospotrebnadzor qadının "mənşəyi məlum olmayan pnevmoniya"dan öldüyünü bildirib. Yerli hakimiyyət də onun peşə fəaliyyəti ilə bağlı mikroorqanizmlərin aşkar edilmədiyini açıqlayıb.
Hazırda Rusiyada taun xəstəliyinin yayılması ilə bağlı məlumatlar rəsmi olaraq təsdiqlənməyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)