Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?

5 Oktyabr 2026 16:08

Ağciyər orqanizmin oksigenlə təmin olunmasında və karbon qazının xaric edilməsində mühüm rol oynayan həyati orqanlardandır. Bununla yanaşı, tənəffüs sisteminin sağlamlığı insanın ümumi həyat keyfiyyətinə də birbaşa təsir göstərir. Tütün məhsullarından istifadə, hava çirkliliyi, infeksiyalar və bəzi xroniki xəstəliklər ağciyər sağlamlığı üçün risk faktorlarıdır.

Ağciyəri qorumaq üçün hansı tədbirlər görülməlidir? Hansı ağciyər xəstəliklərinə daha çox rast gəlinir və onların ilkin əlamətləri nələrdir? Pnevmoniyadan qorunmaq, astma ilə xroniki bronxit arasındakı fərqləri bilmək niyə vacibdir? Erkən diaqnostika müalicənin nəticələrinə necə təsir edir?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı sualları Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva cavablandırıb. 

- Ağciyərin əsas funksiyası nədir və onun sağlamlığını qorumaq üçün nə etmək lazımdır?

- Ağciyərin əsas vəzifəsi orqanizmi oksigenlə təmin etmək və əmələ gələn karbon qazını bədəndən xaric etməkdir. Nəfəs aldıqda havadakı oksigen ağciyərdəki kiçik hava kisəciklərinə (alveollara) daxil olur. Buradan oksigen qana keçir və qan vasitəsilə bütün orqan və toxumalara çatdırılır. Eyni zamanda, orqanizmdə yaranan karbon qazı qandan ağciyərə keçir və nəfəsvermə zamanı xaric olunur. Ağciyər həmçinin orqanizmdə turşu-qələvi tarazlığının qorunmasına, zərərli mikroorqanizmlərdən müdafiəyə və qanın bəzi zərərli hissəciklərdən təmizlənməsinə kömək edir.
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır. Siqaret tüstüsü tənəffüs yollarının daxili səthini zədələyir, ağciyərin özünü təmizləmə qabiliyyətini zəiflədir və uzunmüddətli iltihaba səbəb ola bilər. Havanın keyfiyyəti də ağciyər sağlamlığı üçün vacibdir. İş zamanı toz və digər zərərli maddələrlə təmasda olan şəxslər qoruyucu vasitələrdən istifadə etməlidirlər. Müntəzəm fiziki aktivlik də faydalıdır. Fiziki aktivlik tənəffüsdə iştirak edən əzələləri gücləndirir və ümumi fiziki dözümlülüyü artırır. Bəzi xroniki tənəffüs xəstəlikləri olan insanlara düzgün nəfəsalma məşqləri də tövsiyə edilir. Peyvəndlər, xüsusilə qrip və pnevmokok peyvəndləri, müəyyən risk qruplarında ağır tənəffüs yolu infeksiyalarından qorunmağa kömək edir.

- Hansı ağciyər xəstəliklərinə daha çox rast gəlinir və onların ilkin əlamətləri nələrdir?

- Klinik təcrübədə ən çox rast gəlinən patologiyalar sırasına xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX), bronxial astma, pnevmoniya, xroniki bronxit və ağciyər fibrozu daxildir. Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) tənəffüs yollarında hava axınının uzunmüddətli və davamlı şəkildə məhdudlaşdığı xəstəlikdir. Tütün istifadəsi xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) əsas səbəblərindən biridir. İlkin əlamətlərə uzun müddət davam edən, xüsusilə səhərlər daha çox müşahidə olunan bəlğəmli öskürək, tədricən artan nəfəs darlığı, fiziki fəaliyyət zamanı tez yorulma və tənəffüs yolu infeksiyalarının tez-tez təkrarlanması daxildir.

Bronxial astma tənəffüs yollarının xroniki iltihabı ilə əlaqəli xəstəlikdir. Bu zaman bronxlar müəyyən amillərə qarşı daha həssas olur və müvəqqəti olaraq darala bilər. Astmanın əsas əlamətləri tutma şəklində nəfəs darlığı, xırıltılı nəfəsalma, döş qəfəsində sıxılma hissi və quru öskürəkdir. Əlamətlər gecə və ya səhər saatlarında, həmçinin allergenlər, soyuq hava və fiziki aktivlik zamanı arta bilər.

Pnevmoniya ağciyər toxumasının infeksion iltihabıdır. Xəstəliyə bakteriyalar, viruslar və daha nadir hallarda göbələklər səbəb ola bilər. Əsas əlamətlərə qızdırma, üşütmə, bəlğəmli öskürək, döş qəfəsində ağrı, nəfəsalmanın sürətlənməsi və ümumi halsızlıq daxildir.

Xroniki bronxit uzun müddət davam edən bəlğəmli öskürəklə xarakterizə olunur. Bu vəziyyət xüsusilə uzun müddət tütün məhsullarından istifadə edən insanlarda müşahidə oluna bilər. Əsas əlamətlər davamlı bəlğəmli öskürək, nəfəsalma zamanı xırıltı və tənəffüs yolu infeksiyalarına meylliliyin artmasıdır.

Uzun müddət davam edən və xarakteri dəyişən öskürək, səbəbsiz çəki itkisi, döş qəfəsində ağrı və səsdə dəyişikliklər digər xəstəliklərdə də müşahidə oluna bilər. Bu əlamətlər uzun müddət davam etdikdə həkim müayinəsi vacibdir. Erkən müayinə xəstəliyin vaxtında aşkar edilməsinə və müalicəyə daha tez başlanmasına imkan yaradır.

- Pnevmoniyanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

- Pnevmoniyadan qorunmaq üçün bir sıra mühüm tədbirlər görülə bilər. Bunlardan biri peyvəndlənmədir. Pnevmokok peyvəndləri xüsusilə yaşlı insanlar, xroniki ürək və ağciyər xəstəlikləri, eləcə də immun sistemi zəif olan şəxslər üçün əhəmiyyətlidir. Qrip peyvəndinin hər il yenilənməsi də vacibdir, çünki qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər. Gündəlik həyatda sadə gigiyena qaydalarına əməl etmək də faydalıdır. Əlləri müntəzəm yumaq, xəstə insanlarla yaxın təmasdan mümkün qədər çəkinmək və qapalı məkanları yaxşı havalandırmaq infeksiyaların yayılma riskini azaltmağa kömək edir. Tütün məhsullarından uzaq durmaq da pnevmoniya riskini azaltmaq baxımından vacibdir. Həmçinin, spirtli içki istifadəsi immun sistemini zəiflədə bilər. Diabet, ürək çatışmazlığı və XOAX kimi xroniki xəstəliklərin nəzarətdə saxlanması məsləhətdir. Udma problemi olan şəxslərdə qidanın tənəffüs yollarına düşməsi pnevmoniya riskini artıra bilər. Buna görə də, belə şəxslərdə qidalanma qaydalarına xüsusi diqqət yetirilməlidir. Balanslaşdırılmış qidalanma və orqanizmin ehtiyac duyduğu vitamin və mineralların kifayət qədər alınması da immun sisteminin normal fəaliyyətini dəstəkləyir.

- Bronxial astma ilə xroniki bronxitin oxşar və fərqli cəhətləri hansılardır?

- Astma və xroniki bronxitin bəzi əlamətləri bir-birinə oxşaya bilər. Hər iki vəziyyətdə öskürək, nəfəsalma çətinliyi və xırıltılı nəfəs müşahidə oluna bilər. Lakin onların yaranma səbəbləri və gedişi fərqlidir.

Astmanın yaranmasında allergiya, genetik meyllilik və digər amillər rol oynaya bilər. Xroniki bronxitdə isə uzun müddət davam edən qıcıqlandırıcı amillər rol oynayır. Astma zamanı bronxların daralması çox vaxt geri dönəndir. Yəni düzgün müalicə ilə hava yollarının açılması mümkün olur. Xroniki bronxit zamanı isə hava yollarında yaranan dəyişikliklər daha davamlı olur.

Astma uşaqlıq və ya gənc yaşlarda başlaya, lakin hər yaşda ortaya çıxa bilər. Xroniki bronxit isə daha çox orta və yaşlı insanlarda, xüsusilə uzun müddət tütün məhsullarından istifadə edən şəxslərdə müşahidə olunur. Astma zamanı simptomlar müəyyən amillərlə əlaqəli olaraq gəlib-gedə bilər. Məsələn, allergenlər, soyuq hava və fiziki aktivlik şikayətləri artıra bilər. Xroniki bronxitdə isə öskürək və digər tənəffüs şikayətləri daha davamlı olur.

Müalicə də xəstəliyin xüsusiyyətindən asılıdır. Astmada iltihabəleyhinə və bronxları genişləndirən dərmanlardan istifadə edilir. Xroniki bronxit zamanı isə müalicə xəstənin vəziyyətindən asılı olaraq fərqli ola bilər.

- Pnevmoniya, bronxial astma, bronxit kimi ağciyər xəstəliklərinin diaqnostikasında hansı üsullardan istifadə olunur və bu xəstəliklərin erkən mərhələdə aşkarlanması müalicənin effektivliyinə necə təsir göstərir?

- Ağciyər xəstəliklərinin diaqnostikası ilk növbədə xəstənin şikayətlərinin və xəstəlik tarixçəsinin öyrənilməsi ilə başlayır. Həkim öskürəyin nə qədər müddətdir davam etdiyini, nəfəs darlığının olub-olmadığını, simptomları artıran amilləri, tütün məhsullarından istifadəni və iş şəraitini soruşa bilər.

Daha sonra fiziki müayinə aparılır. Bu zaman həkim ağciyəri dinləyir, tənəffüsün sürətini və qandakı oksigen səviyyəsini qiymətləndirə bilər. Döş qəfəsinin rentgen müayinəsi xüsusilə pnevmoniya kimi xəstəliklərin aşkar edilməsində istifadə olunur. Kompüter tomoqrafiyası (KT) isə ağciyərlərin daha ətraflı görüntüsünü almağa imkan verir və bəzi ağciyər xəstəliklərinin, o cümlədən ağciyər fibrozunun qiymətləndirilməsində istifadə edilə bilər.

Spirometriya ağciyərlərin nə qədər hava qəbul edib xaric edə bildiyini və havanın tənəffüs yollarından nə dərəcədə rahat keçdiyini ölçən müayinədir. Bu test xüsusilə astma və XOAX kimi xəstəliklərin müəyyən edilməsində mühüm rol oynayır. Astması olan bəzi şəxslərdə pik axım sürətinin (PEF) ölçülməsi də simptomların və ağciyər funksiyasının zamanla necə dəyişdiyini izləməyə kömək edə bilər.

Qan analizləri də bəzi hallarda xəstəliyin səbəbini və ağırlığını qiymətləndirməyə kömək edir. Məsələn, müəyyən qan göstəricilərindəki dəyişikliklər infeksiya və ya allergik proses haqqında əlavə məlumat verə bilər.

Bəlğəmin müayinəsi infeksiyaya səbəb olan mikroorqanizmin müəyyən edilməsinə və uyğun müalicənin seçilməsinə kömək edə bilər. Bəzi hallarda bronxların və ağciyərin daha ətraflı müayinəsi üçün bronxoskopiya aparılır. Bu zaman xüsusi cihaz vasitəsilə tənəffüs yollarının daxili hissəsinə baxılır.

Qandakı oksigen səviyyəsini ölçmək üçün isə sadə və ağrısız üsul olan pulsoksimetriyadan istifadə edilə bilər.
Erkən diaqnostikanın müalicə nəticələrinə təsiri bir neçə istiqamətdə özünü göstərir. Pnevmoniyada vaxtında müalicə ağırlaşma riskinin azalmasına kömək edir. Astmanın erkən müəyyən edilməsi simptomların nəzarətdə saxlanmasına və kəskin tutmaların azalmasına şərait yaradır. Xroniki bronxitin erkən mərhələdə aşkar edilməsi tütün məhsullarından imtina da daxil olmaqla, zəruri tədbirlərin vaxtında həyata keçirilməsinə imkan verir.

Ümumilikdə, ağciyər xəstəliklərində erkən diaqnostikanın əsas məqsədi xəstəliyi vaxtında müəyyən etmək, ağırlaşmaların qarşısını almaq və müalicənin daha erkən başlanmasına şərait yaratmaqdır.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)