UEFA Millətlər Liqasında Portuqaliya millisinin dörddəbir finala vəsiqəsi rəsmiləşib.
Milli.Az xəbər verir ki, komanda qrup mərhələsinin IV turunda Norveçi 2:1 hesabı ilə üstələyib.
Görüşdə hesabı 36-cı dəqiqədə Norveçin futbolçusu Kristoffer Ayer açıb. Lakin Portuqaliya yığması fasiləyə qədər cavab qolunu vurub. Joao Kanselo 38-ci dəqiqədə fərqlənərək tarazlığı bərpa edib.
Portuqaliyanın ikinci qolu isə 79-cu dəqiqədə Qonsalo Ramosun ayağından gəlib. Qarşılaşmanın sonlarına yaxın, 86-cı dəqiqədə Fransisku Konseysao qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Qələbə sayəsində xallarını 12-yə çatdıran Portuqaliya 4-cü qrupda liderliyini davam etdirir və dörddəbir finala yüksələn ilk komanda olub. Norveç 3 xalla sonuncu, Uels eyni xalla üçüncü, Danimarka isə 6 xalla ikinci pillədə qərarlaşıb.
Növbəti turda Portuqaliya noyabrın 14-də Danimarkanı qəbul edəcək. Həmin gün Norveç və Uels də üz-üzə gələcək.
Qeyd edək ki, Elit Divizionun qruplarında ilk iki sıranı tutan komandalar turnirin dörddəbir final mərhələsində mübarizəni davam etdirmək hüququ qazanırlar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)