Fransanın əfsanəvi futbolçusu Tierri Anri Türkiyə millisinin Belçika ilə matçından sonra Arda Güler barədə fikirlərini bölüşüb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Anri gənc futbolçunun meydanda məsuliyyətdən qaçmadığını və daim topu istədiyini bildirib. Onun sözlərinə görə, Arda Güler komanda yoldaşları daha asan variantlara üstünlük verdiyi halda təşəbbüsü öz üzərinə götürməyə çalışır.
"Bu uşaq cəsurdur. Daim topu istəyir, nəsə yaratmağa çalışır və digərləri asan yolu seçərkən məsuliyyəti üzərinə götürür", - deyə Anri bildirib.
Keçmiş futbolçu Ardanın meydandakı məyusluğunun da hiss olunduğunu qeyd edib. Onun fikrincə, Güler həm hücum qurmağa, həm topu irəli daşımağa, həm standart vəziyyətlərdən istifadə etməyə, həm də hücumun son üçdəbirində təhlükə yaratmağa çalışır.
Tierri Arda kimi yüksək səviyyəli futbolçunun ətrafında onun fərdi bacarığını komandanın ümumi oyununa çevirə biləcək kifayət qədər dəstəyin olmamasını təəssüf doğuran məqam kimi qiymətləndirib:
"Arda matçı demək olar ki, təkbaşına oynayır".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)