Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında bu gün yarışların ikinci günü keçiriləcək.
Milli.Az xəbər verir ki, 40 ölkədən 473 idmançının qatıldığı turnirin ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb və onların hamısı qələbə qazanıb.
Əli Abaslı 60 kq çəki dərəcəsində 1/16 finalda belçikalı Abdurahim Sounu 5:0 hesabı ilə məğlub edib. O, növbəti görüşündə türkiyəli Zeki Uğurla qarşılaşacaq.
Yusif Həsənli 66 kq-da portuqaliyalı Adrian Silvanı 5:0 hesabı ilə üstələyib və 1/8 finalda xorvatiyalı Lukas Fulanoviçlə üz-üzə gələcək.
Hidayət Məmmədov 70 kq-da israilli Demid Kloçko üzərində ilk raundda qələbə qazanıb. Azərbaycan boksçusunun növbəti rəqibi isveçrəli Joel Şuts olacaq.
Yusif Ağakişiyev isə 75 kq-da rumıniyalı Eduard Tancerikanı 5:0 hesabı ilə yarışdan kənarlaşdırıb. O, ikinci görüşündə ingiltərəli İvor Li ilə qarşılaşacaq.
Hər 4 döyüş oktyabrın 6-da baş tutacaq.
Bu gün isə Azərbaycan millisinin daha beş üzvü mübarizəyə qoşulacaq.
Gündüz sessiyasında Aydan İsmayıllı 48 kq-da irlandiyalı Meysi Daffi O Konnorla, Alsu Yafarova 54 kq-da Belarus təmsilçisi Hanna Belyankova ilə, Fidan Bakarova isə 63 kq-da yunanıstanlı Dimitra Karpocilou ilə qarşılaşacaq.
Axşam sessiyasında Cəmilə Muradlı 57 kq-da rumıniyalı Sara Persa ilə 1/8 final döyüşünə çıxacaq. Şükür Əliyev isə 80 kq-da polşalı İqor Tomiçeklə 1/16 finalda üz-üzə gələcək.
Gündüz sessiyası Bakı vaxtı ilə saat 16:00-da, axşam sessiyası isə 20:00-da başlayacaq.
Qeyd edək ki, çempionatın qaliblərinin adına oktyabrın 11-də aydınlıq gələcək.