Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qarın yağması ötən gecə də davam edib. Ən çox qar Qubanın Xınalıq və Qırız kəndlərində müşahidə olunub.
Milli.Az xəbər verir ki, Xınalıq kəndinin bəzi ərazilərində qar örtüyünün hündürlüyü 20 santimetrədək olub.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, qarın yağması Qusarın Ləzə, Qubanın Xınalıq və Qırız kəndlərində daha çox müşahidə olunub.
Mərkəzin ərazilərdə yerləşən stansiyalardan Xınalıqda 5, Qırızda 10, Ləzədə isə 1 santimetr qar örtüyü qeydə alınıb.
Ötən gecə və səhər saatlarında ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb. Burada temperatur mənfi 5 dərəcəyə, Xınalıqda isə mənfi 4 dərəcəyə enib.
Bu gün səhər saatlarından etibarən hava nisbətən mülayimləşib və gün çıxıb.