Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var

4 Oktyabr 2026 10:42

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 62 kv.m. olan 2 otaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində evə ziyan dəyib, 1 kv.m sahədə ev əşyaları yanıb, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)