Cənubi Koreyanın Busan şəhərində kanalda qalan köpəkbalığı böyük marağa səbəb olub. Onu görmək üçün əraziyə 700 mindən çox insan axın edib.
Milli.Az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, sentyabrın 18-də şəhərin Şimal limanındakı kanalda aşkarlanan 3,5 metr uzunluğundakı köpəkbalığının açıq dənizə çıxarılması üçün həyata keçirilən cəhdlər hələ nəticə verməyib.
Oktyabrın 2-də köpəkbalığının xilas edilməsi məqsədilə ikinci əməliyyat keçirilib. Bu zaman xüsusi tordan istifadə olunub. Lakin torun kanalın dibinə ilişməsi səbəbindən əməliyyat yarımçıq dayandırılıb.
Köpəkbalığı çıxışa yaxınlaşdırılsa da, ertəsi gün yenidən kanalın içərisinə qayıdıb.
"Bukangi" adı verilən köpəkbalığı qısa müddətdə şəhərdə böyük maraq doğurub. Hətta ona Busan şəhərinin fəxri səfiri adı verilib.
Əraziyə çoxsaylı insanların gəlməsi səbəbindən sahilboyu parkda patrul nəzarəti də gücləndirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)