Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir

4 Oktyabr 2026 02:02

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyaraq tərəvəzlərin tez yumşalmasının qarşısını alır.

Milli.Az ənənəvi üsulla turşu üçün lazım olanları təqdim edir:
2 kq təzə və sərt tərəvəz

1 baş sarımsaq

1 çay stəkanı çiy noxud

3-4 ədəd üzüm və ya palıd yarpağı

1 stəkan daş duzu (yodsuz)

1 stəkan alma və ya üzüm sirkəsi

1 çay qaşığı limon duzu (və ya yarım limonun suyu)

1 çay qaşığı toz şəkər

Lazım qədər içməli su

Hazırlanma qaydası və əsas məqamlar:
Xiyar və ya digər tərəvəzlərin sap hissələri təmizlənir, duzlu suyun içəriyə daha yaxşı nüfuz etməsi üçün üzərində bir neçə kiçik deşik açılır.

Təmiz şüşə bankanın dibinə noxud və bir neçə diş sarımsaq qoyulur. Tərəvəzlər bankaya mümkün qədər sıx şəkildə yığılır, qalan sarımsaqlar aralara paylanır.

Ayrı bir qabda içməli su, daş duzu, sirkə, şəkər tozu və limon duzu qarışdırılır. Duz tam əridikdən sonra qarışıq tərəvəzlərin üzərini tam örtəcək şəkildə bankaya tökülür (1 litr suya təqribən 1 xörək qaşığı təpələmə daş duzu və 1 çay stəkanı sirkə məsləhətdir).

Duzlu suyun üzərinə üzüm və ya palıd yarpaqları düzülərək tərəvəzin suyun üzünə çıxmasının qarşısı alınır. Bankanın qapağı möhkəm bağlanaraq sərin, qaranlıq və günəş düşməyən yerdə saxlanılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)