Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, iki kişi mübahisə edib və nəticədə onlardan biri digərini bıçaqlayıb.
Daha sonra məlum olub ki, müştərilər arasında mübahisə qardaşı ilə restoranda istirahət edən Azərbaycan vətəndaşının ucadan danışmağa başlaması ilə yaranıb. Bu, qonşu masada əyləşən dörd şəxsin xoşuna gəlməyib. Onlar qardaşların çölə çıxmasını gözləmək qərarına gəliblər ki, etirazlarını bildirsinlər.
İddiaya görə, özlərini sakit aparmaq xahişinə azərbaycanlı qardaşlar aqressiv reaksiya veriblər. Mübahisə baş verib və davaya çevrilib. Əlbəyaxa dava soyuq silaha əl atmaqla yekunlaşıb. Nəticədə 35 yaşlı Azərbaycan vətəndaşı təxminən üç bıçaq yarası alıb.
Zərərçəkən hazırda həkimlərin nəzarəti altındadır. Hadisənin detalları araşdırılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)