Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI

2 Oktyabr 2026 22:00

Sağlam qidalanmaq yalnız kalori hesablaması aparmaq və bəzi qidaları rasiondan çıxarmaqdan ibarət deyil. Qidaların seçimi, porsiyalar və onların qəbul edilmə qaydası da sağlam qidalanmada mühüm rol oynayır.

Milli.Az xəbər verir ki, mütəxəssislər gündəlik qidalanmada bəzi sadə dəyişikliklərin faydalı ola biləcəyini bildirirlər.

Belə tövsiyələr arasında bunlar yer alır:

Kökə qara bibər və zeytun yağı əlavə edin

Kökdə olan beta-karotinin mənimsənilməsini artırmaq üçün salata qara bibər və zeytun yağı əlavə etmək tövsiyə olunur. Qara bibərin tərkibindəki piperin, zeytun yağı isə beta-karotenin mənimsənilməsinə kömək edə bilər.

Ara yeməkdə badama üstünlük verin

Badam prebiyotik xüsusiyyətlərə malikdir və bağırsaq mikrobiotasını dəstəkləyə bilər. Eyni zamanda tərkibindəki yağ, zülal və lif sayəsində toxluq hissinin daha uzun davam etməsinə kömək edir.

Balqabaq tumunu unutmayın

Balqabaq tumu maqnezium, E vitamini, sink, qida lifi və bitki mənşəli zülalla zəngindir. Bu səbəbdən onun gündəlik qidalanmaya əlavə edilməsi tövsiyə olunur.

Alkoqol sidik turşusunu artıra bilər

Alkoqol, purinlə zəngin bəzi qidalar, şəkərli məhsullar və yüksək miqdarda fruktoza qanda sidik turşusunun səviyyəsinə təsir göstərə bilər. Kifayət qədər su içməmək və yuxusuzluq da bu göstəriciyə təsir edən amillər sırasında qeyd olunur.

Qəhvə maqnezium mənbəyidir

Qəhvənin tərkibində maqnezium var. Bu mineral orqanizmdə, o cümlədən qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır.

Səhər yeməyini ötürməyin

Səhər yeməyinin buraxılması iştahın nizamsızlaşmasına və gün ərzində qan şəkərinin idarə olunmasına təsir göstərə bilər. Protein, qida lifi və sağlam yağlardan ibarət səhər yeməyinə üstünlük verilməsi məsləhət görülür.

Yatmazdan əvvəl süd içmək olar

Südün tərkibində yuxu prosesində rol oynayan triptofan adlı amin turşusu var. Bu səbəbdən yatmazdan əvvəl ilıq süd qəbul etməyin bəzi insanlarda yuxuya getməyi asanlaşdıra biləcəyi bildirilir.

Aralıq dənizi pəhrizinə üstünlük verin

Zeytun yağı, tərəvəz və tam taxıllarla zəngin qidalanmanın prostat xərçəngi olan şəxslərdə sağlamlıq göstəricilərinə müsbət təsir göstərə biləcəyi araşdırmalarda qeyd olunub.

Arıqlayarkən əzələ itirməyin

Çəki itirərkən əzələ kütləsinin qorunması vacibdir. Həddindən artıq məhdudlaşdırıcı və balanssız pəhrizlər yağla yanaşı əzələ və su itkisinə də səbəb ola bilər.

Uzunömürlülüklə əlaqələndirilən qidalar

Buğda rüşeymi, balqabaq tumu, pendir, fındıq, şiitake göbələyi, yaşıl noxud və noxud spermidinlə zəngin qidalar hesab olunur. Spermidin isə hüceyrələrin özünü yeniləməsi proseslərindən biri olan autofagiyada rol oynayır.

Müəllif: Mina Mikayılova