Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

2 Oktyabr 2026 10:30

İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.

Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı deyib.

VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı qeyd edib: " Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir".

Qeyd edək ki, Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.

Qurultaya YAP-ın rayon və şəhər təşkilatları tərəfindən 960 nümayəndə seçilib.

VIII Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Həmin konfranslarda ümumilikdə 16 239 nəfər iştirak edib.

Hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib, əldə olunan nəticələr müzakirə edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)