Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

2 Oktyabr 2026 12:18

Türkiyənin İstanbul şəhərində yerləşən Eyüpsultan Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, istintaq çərçivəsində bələdiyyə sədri Mithat Bülent Özmenin də aralarında olduğu 23-ü dövlət məmuru olmaqla, ümumilikdə 28 şübhəli barəsində saxlanılma qərarı verilib.

Səhər saatlarında keçirilən eyni vaxtlı əməliyyatlar nəticəsində barəsində qərar çıxarılan 28 şübhəlinin hamısı saxlanılıb. Bələdiyyənin xidmət binasında və Özmenin evində axtarış aparılıb.

İstintaq çərçivəsində şübhəlilərə qarşı cinayət təşkilatına üzv olmaq, rüşvət alma, rüşvət vermə və tenderə müdaxilə etmə ilə bağlı ittihamların araşdırıldığı bildirilib. Şübhəlilərin polis bölməsindəki prosedurları davam edir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)