Azərbaycanda hava kəskin dəyişir: FHN-dən xəbərdarlıq

2 Oktyabr 2026 09:25

Fövqəladə Hallar Nazirliyi (FHN) respublika ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gündən başlayaraq yaxın günlər ərzində intensiv yağış, bəzi həssas ərazilərdə lokal subasma, dağ çaylarında qısamüddətli sel və daşqın, şimşək çaxması və arabir güclü külək proqnozlaşdırılır.

Nazirlik intensiv yağıntılar zamanı mümkün sel, daşqın və subasma təhlükəsindən qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmağı, belə təhlükə yarandıqda isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edib. Xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl olunmasının vacibliyi vurğulanıb.

FHN ildırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefonla danışılmamasını və açıq havada elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq durulmasını tövsiyə edib. Həmçinin hündür ağacların altında daldalanmamaq, avtomobildə olarkən isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın bitməsini gözləmək çağırışı edilib.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərin, eləcə də hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Nazirlik, həmçinin küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirməyə çağırıb. Bildirilib ki, güclü külək baş verən yanğınların söndürülməsini çətinləşdirə bilər.

Kiçikhəcmli gəmi istifadəçilərinə də belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.

FHN bir daha xəbərdarlıq edib ki, təhlükəsizlik qaydalarına riayət olunması insan həyatı üçün mühüm əhəmiyyət daşıyır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)