Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır.
Milli.Az xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər.
Göz xəstəlikləri üzrə mütəxəssislərin sözlərinə görə, ekran qarşısında uzun müddət qalmaq göz qırpma sayını əhəmiyyətli dərəcədə azaldır. Normalda insan dəqiqədə təxminən 15-20 dəfə gözünü qırpır. Kitab oxuyarkən bu göstərici 12-yə, telefon, planşet və kompüterdən istifadə zamanı isə təxminən 5-ə qədər düşür.
Bu isə göz səthinin daha az nəmlənməsinə və göz yaşının daha sürətlə buxarlanmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, göz quruluğu zamanı yanma, batma, qaşınma, qızartı, gözdə qum varmış kimi hiss, görmənin bulanması və işıqların dağınıq görünməsi kimi şikayətlər yarana bilər.
Quru və soyuq hava, hava çirkliliyi, stress, bəzi dərmanlar, linzalardan istifadə və hormonal dəyişikliklər də göz quruluğunu artıra bilər.
Həkimlər ekran qarşısında çalışanlara "20-20 qaydası"na əməl etməyi məsləhət görürlər. Qaydaya əsasən, hər 20 dəqiqədən bir 20 saniyə ərzində ekrandan uzağa baxmaq və gözləri dincəltmək lazımdır. Daha tez-tez göz qırpmaq da göz səthinin nəm qalmasına kömək edir.
Ekranın göz səviyyəsindən bir qədər aşağıda yerləşdirilməsi də tövsiyə olunur.
Mütəxəssislərin sözlərinə görə, yüngül göz quruluğu zamanı ekran qarşısında keçirilən vaxtın azaldılması və həyat tərzində dəyişikliklər şikayətlərin azalmasına kömək edə bilər. Daha ağır hallarda isə göz yaşı damcıları və digər müalicə üsullarından istifadə olunur.
Həkimlər uzun müddət davam edən göz quruluğu, yanma, batma və görmə bulanıqlığı olan şəxslərin mütləq göz həkiminə müraciət etməli olduğunu bildirirlər.
Müəllif: Mina Mikayılova