İngiltərə Premyer Liqasında "Mançester Siti" ilə bağlı araşdırmanın nəticələri açıqlanıb. Müstəqil komissiyanın araşdırması zamanı kluba qarşı irəli sürülən çoxsaylı ittihamların əksəriyyətinin təsdiqləndiyi bildirilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət "Mançester Siti"nin təxminən doqquz il ərzində sponsorluq müqavilələri ilə bağlı maliyyə qaydalarını pozması və bunun nəticəsində 900 milyon funt-sterlinqə yaxın vəsaitdən bəhs edən genişmiqyaslı maliyyə pozuntusundan gedir.
İddialara görə, maliyyə əməliyyatlarının əsas məqsədlərindən biri kluba əlavə vəsaitlərin yönləndirilməsi və Premyer Liqanın maliyyə qaydalarından yayınmaq olub.
"Mançester Siti" isə müstəqil komissiyanın qərarı ilə razılaşmır. Klubun qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir.
Bununla yanaşı, Britaniya mətbuatında "Mançester Siti"nin mümkün sanksiyaları ilə bağlı müxtəlif məlumatlar yayılıb. Klubun aşağı liqaya göndərilməsi, eləcə də iki mövsüm ərzində ciddi xal itkiləri ilə üzləşməsi ehtimalları gündəmə gətirilib. Komandanın əvvəlki illərdə qazandığı çempionluq titullarının da ləğv edilə biləcəyi iddia olunur.
Klubun həmin dövrdə əldə etdiyi çempionluqların sonrakı taleyi də müzakirə mövzusudur. Variantlardan birinə əsasən, ləğv ediləcək titullar həmin mövsümlərdə ikinci yeri tutan komandalara verilə bilər.
Digər ehtimala görə isə "Mançester Siti" aşağı liqaya göndərilməklə yanaşı, sonrakı mövsümlərdə xal cəzası ala və çempionluq uğrunda mübarizədə ikinci olan klublara kompensasiya ödəməli ola bilər. Bu kompensasiyanın həmin illərdə Premyer Liqada çıxış edən digər komandalara da şamil edilməsi variantı istisna edilmir.
Hazırda proseslə bağlı yekun qərarın hansı formada olacağı və mümkün cəzaların dəqiq çərçivəsi məlum deyil. "Mançester Siti"nin apellyasiya hüququndan istifadə edəcəyi bildirildiyindən, klubun gələcək taleyi ilə bağlı son qərarın bundan sonrakı hüquqi proseslərdən sonra müəyyənləşəcəyi gözlənilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)