Məktəbdə dərs bölgüsü üstündə dava: Müəllim xəstəxanalıq oldu - (Yenilənib)

1 Oktyabr 2026 12:18

Dünən saat 13:10 radələrində 1981-ci il təvəllüdlü şəxs (qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentə sağ əlin əziyi və sıyrılmış yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

_________________

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.

Milli.Az apa-ya istinadla xəbər verir ki, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S.Əhmədova döyərək xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bilidirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)